Sumqayıtda Qubadlı qaçqınlarının evlərini əllərindən alırlar - ŞİKAYƏT
26-11-2017, 22:51
Azərbaycan Respublikasının Vitse prezidenti Mehriban xanım Əliyevaya
Sumqayıt şəhər 20/21-ci mkr ərazisində ev 777-də məskunlaşan məcburi köçkün ailələri Cümşüdov Yadulla Fətulla oğlu, Cümşüdova Şəkər Əyyub qızı, Ələkbərova Mələknisə Həmid qızı, Cümşüdov Vüqar Fətulla oğlu, Cümşüdov Bəhlul Fətulla oğlu və 40-a yaxın məcburi köçkün tərəfindən
Müraciət
Biz Qubadlı rayonundan olan məcburi köçkünlər məlum səbəblərdən öz dədə-baba yurdlarımızı 1993-cü ildə tərk edərək Sumqayıt şəhərinə pənah gətirmişik. Həmin vaxt şəhərimizə yaxın olan boş bir torpaq sahəsində altı məcburi köçkün ailəsi əvvəlcə çadırlar qurub yaşamışıq, sonra isə 2004-cü ildə həmin torpaq sahələrini Sumqayıt şəhər bələdiyyəsindən alqı-satqı yolu ilə alıb ailələrimiz üçün evlər tikmişik. 24 ildən sonra bir qrup adamlar bizi təhqir edərək, yerli-yersiz hücumlar edir, yaşadığımız yerdən zorla, çıxartmaq istəyirlər.
Bu işdə onlara Sumqayıt icra şöbəsinin rəisi Fuad Nəbiyev rəhbərlik və havadarlıq edir və 36 köçkün ailəsini zorla çıxardacağını israr edir. Məmur Fuad Nəbiyev kimdir ki, Ümumilli liderimiz mərhum prezidentimiz Heydər Əliyevin Fərmanına qarşı qanunsuzluq və özbaşınalıq edir.
Mərhum liderimiz demişdir: “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
Sumqayıt icra şöbəsinin rəisi Fuad Nəbiyevin şəxsi maraqları, Müharibə vəziyyətində olan Dövlətimizin maraqlarından üstündürmü?
Respublikamızın bu gərgin dönəmində məcburi köçkünlərlə qarşıdurmaya getmək nə üçün Fuad Nəbiyevin şəxsi marağındadır?
Hörmətli Mehriban xanım!
36 məcburi köçkün adından xahiş edirik Fuad Nəbiyevin qanunsuz əməlləri barədə tədbir görəsiniz.
Hörmətlə: Cümşüdov Yadulla və 40-a yaxın məcburi köçkünləri



