"Azərbaycanda dərman qiymətlərinin qonşu ölkələrlə müqayisədə həddən artıq yüksək olduğunu görürük"
2-12-2025, 11:18

Dərmanlarla əlaqədar rəyi alınacaq orqanların sayı artırılıb. Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif (qiymət) Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyi alınacaq. İndiyə qədər əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınıb.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına həkim ekspert Rasif Bağırov bildirib ki, Azərbaycanda dərman qiymətləri qonşu ölkələrlə müqayisədə həddən artıq yüksəkdir: “Əvvəllər dərmanların qiyməti Tarif (qiymət) Şurası tərəfindən, dərman şirkətlərinin məhsulları depolara təhvil verməsindən sonra müəyyənləşdirilirdi. Bu proses nəticəsində formalaşan qiymətlərlə dərmanlar apteklərə çatdırılır və istehlakçılara təqdim olunurdu. İndi isə bu sahəyə yeni yaradılmış bir qurum nəzarət edəcək.
Biz Azərbaycanda dərman qiymətlərinin qonşu ölkələrlə müqayisədə həddən artıq yüksək olduğunu görürük. Əgər bu qurum qiymətlərin yenidən nəzərdən keçirilməsinə və onların aşağı salınmasına nail olarsa, bu çox gözəl, çox müsbət hal olar. Biz də hələ ki, bu yeni qurumun işinin real nəticəsini görməmişik, çünki fəaliyyətinə yeni başlayır. Lakin düşünürəm ki, dərmanların qiymətlərinə kifayət qədər təsir edə bilər və bu da ölkə əhalisinin dərmanları rahat əldə etməsini təmin edər, amma indidən dəqiq necə olacağı ilə bağlı fikir bildirmək çətindir. Çünki, qurum hələ öz işinə başlamayıb”.

