Dollar kreditləri minlərlə ailəyə necə təsir etdi? 2015-in ağır nəticələri

15-08-2026, 12:44           
Dollar kreditləri minlərlə ailəyə necə təsir etdi?
Azərbaycan manatının 15 avqust 1992-ci ildə tədavülə buraxılması ölkənin iqtisadi suverenliyinin formalaşmasında mühüm mərhələ oldu və sonrakı dövrlərdə valyuta həm yüksək inflyasiya, həm də neft gəlirlərinin artımı fonunda müxtəlif sınaqlardan keçdi. 2006-cı ildə denominasiyadan sonra manata inam güclənsə də, 2015-ci ildə baş verən iki devalvasiya əhalinin alıcılıq qabiliyyətinə, kredit bazarına və bank sektoruna ciddi təsir göstərdi, eyni zamanda iqtisadiyyatın neft qiymətlərindən asılılığını daha aydın nümayiş etdirdi. Hazırkı mərhələdə manatın sabitliyi əsasən enerji gəlirləri, Mərkəzi Bankın valyuta siyasəti, qeyri-neft ixracının genişləndirilməsi və qlobal inflyasiya risklərinin idarə olunmasından asılı olacaq. Gələcək perspektivlər də məhz bu amillərin balansından formalaşacaq.
2015-ci il devalvasiyaları Azərbaycan iqtisadiyyatının hansı zəif tərəflərini üzə çıxardı və həmin problemlərin aradan qaldırılması üçün hansı addımlar atıldı?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmaqla ölkənin iqtisadi suverenliyinin əsas atributlarından birinə çevrildi. İlk illərdə yüksək inflyasiya və iqtisadi qeyri-sabitlik manatın dəyərinə ciddi təzyiq göstərdi. 2000-ci illərdə neft gəlirlərinin artması və makroiqtisadi sabitliyin güclənməsi isə manatın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. 2006-cı ildə denominasiyanın aparılması pul dövriyyəsini sadələşdirdi və milli valyutaya olan inamın artmasına xidmət etdi.

“Manatın tarixində ən ciddi sınaqlardan biri 2015-ci ildə baş verdi. Həmin il baş verən iki devalvasiya nəticəsində manat dollara nisbətdə kəskin ucuzlaşdı. Bu proses Azərbaycan iqtisadiyyatının əsas zəif tərəflərini, xüsusilə neft və qaz gəlirlərindən yüksək asılılığı, ixracın kifayət qədər şaxələndirilməməsini, idxaldan asılılığı və maliyyə sektorunun xarici valyuta risklərinə həssaslığını üzə çıxardı. Devalvasiya həmçinin dollarla kredit götürən və gəliri manatla olan vətəndaşların borc yükünü artırdı, bank sektorunda problemli kreditlərin və kapital çatışmazlığının dərinləşməsinə səbəb oldu.

2015-ci ildən sonra bu risklərin azaldılması üçün bir sıra addımlar atıldı. Mərkəzi Bankın valyuta bazarına müdaxilə mexanizmləri, valyuta ehtiyatlarının idarə olunması, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həlli və maliyyə sektorunda tənzimləmənin gücləndirilməsi istiqamətində tədbirlər görüldü. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, ixracın artırılması, sənaye və kənd təsərrüfatının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”, – deyə iqtisadçı bildirib.

O hesab edir ki, bu gün manatın əvvəlki illərlə müqayisədə daha sabit olmasının əsas səbəblərindən biri ölkənin kifayət qədər böyük valyuta ehtiyatlarına malik olmasıdır. Lakin manatın sabitliyini yalnız Mərkəzi Bankın müdaxiləsi ilə təmin etmək uzunmüddətli həll yolu deyil. Əsas məsələ ölkənin xarici valyuta gəlirlərinin mənbələrini şaxələndirməkdir.

Ekspertin fikrincə, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi manatın gələcək sabitliyinə ciddi töhfə verə bilər. Məsələn, kənd təsərrüfatı və ərzaq emalı, kimya, metallurgiya, tekstil, İKT, logistika və turizm kimi sahələrdə ixrac imkanlarının genişləndirilməsi ölkəyə daha çox və daha müxtəlif valyuta gəlirlərinin daxil olmasına şərait yaradar. Belə olduqda manatın sabitliyi yalnız neftin dünya bazarındakı qiymətindən asılı qalmaz.

“Burada əsas məsələ qeyri-neft sektorunun sadəcə böyüməsi deyil, onun xarici valyuta qazandıran sahələrə çevrilməsidir. Məsələn, daxili bazar üçün məhsul istehsal edən müəssisələrin artması iqtisadiyyat üçün müsbət hal olsa da, ixrac qabiliyyətinin yüksəlməsi manat baxımından daha böyük əhəmiyyət daşıyır. Çünki ixrac ölkəyə dollar və digər xarici valyutaların daxil olmasını təmin edir”, – deyə ekspert qeyd edib.

O bildirib ki, manatın gələcəyi baxımından əsas risklər yenə də neft və qaz gəlirlərinin azalması, dünya enerji qiymətlərinin kəskin düşməsi, idxalın sürətlə artması və qlobal maliyyə bazarlarında dolların möhkəmlənməsi ola bilər. Buna görə də valyuta sabitliyinin qorunması üçün fiskal intizamın təmin olunması, inflyasiyanın nəzarətdə saxlanılması, bank sektorunun dayanıqlığının artırılması və qeyri-neft ixracının genişləndirilməsi istiqamətində tədbirlər paralel şəkildə davam etdirilməlidir.

Manatın 34 illik tarixindən çıxarılan əsas nəticə budur ki, milli valyutanın uzunmüddətli sabitliyi təkcə onun məzənnəsinin qorunması ilə təmin edilmir. Bunun arxasında güclü iqtisadiyyat, dayanıqlı ixrac, sağlam bank sistemi, aşağı və proqnozlaşdırılan inflyasiya və kifayət qədər valyuta ehtiyatları dayanmalıdır. Azərbaycan bu istiqamətlərdə nə qədər çox irəliləyiş əldə etsə, manatın gələcəyi də bir o qədər neftin qiymətindən və xarici şoklardan az asılı olacaq.

İradə Cəlil












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru