Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”

Bu gün, 00:08           
 Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
2016-cı ilin ilk yarısında (yanvar-iyun aylarında) Azərbaycanda 77,3 min körpə dünyaya gəlib. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 16,1-ə bərabər olub. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 40 798 uşaq doğulub.

Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 8,0 olub. İqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki paylaşımında qeyd edir ki, son 10 ildə gəldiyimiz vəziyyət budur, fəlakətli rəqəmlərdir:

Doğuşun azalması ilə paralel olaraq 18-30 yaş arası gənclərin ölkədən kütləvi köçü baş verir. Yəni, növbəti illərdə demoqrafik göstəricilər daha pis olacaq. Bu vəziyyət dövlət üçün təhlükəsizlik məsələsidir.

Son illərdə doğum faizinin azalması sirr deyil. Və demoqrafik problem yaranacağı barədə təşvişlər də anlaşılandır. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalır. Çıxış yolu hardadır, nədir?

Sosioloq Naib NiftəliyevSherg.az-a açıqlamasında bildirdi ki, bu, son illərdə ən çox müzakirə olunan mövzulardan biridir:

- Doğum faizinin aşağı düşməsi kifayət qədər ciddi və həyəcanverici göstəricidir. Bu, doğum əmsalının iki dəfə azalmasıdır. Belə şəraitdə Natiq Cəfərli bir iqtisadçı olaraq həyəcan təbili çalmaqda haqlıdır. Digər tərəfdən, bu, həm sosial, həm də iqtisadi faktorlarla birbaşa bağlıdır. Hər iki faktor bərabər səviyyədə təsir göstərir. Mən bura mədəni-mənəvi, etnik və informasiya faktorunu da əlavə edirəm. Bunlar sosial-iqtisadi və psixoloji amillərlə əhəmiyyətli dərəcədə kəsişir. Digər tərəfdən də, 18-30 yaş arası gənclərin ölkəni tərk etməsi, yaxud xarici vətəndaşla ailə qurub ölkədən ayrılmaları faktları da diqqət mərkəzindədir. Belə davam edərsə, Azərbaycanı Belorusun vəziyyəti gözləyir. SSRİ dağılan ərəfədə belorusların sayı 11 milyon, azərbaycanlıların sayı 7 milyon idisə, son dövrlərdə bu rəqəm əks istiqamətdə dəyişib. Belorusların sayı 9 milyona endi, azərbaycanlıların sayı 11 milyona yaxınlaşır. Amma geri dönüş də ola bilər. Çünki bu gedişlə dünyaya gələnlərin sayı dünyasını dəyişənlərin sayından getdikcə daha az olacaq. Belə davam edərsə, demoqrafik azalma, əhalinin yaşlanması, eləcə də sosial müavinətlərin, ödənişlərin edilməsi, yaşa görə pensiyaların ödənməsi kifayət qədər problemli məsələyə çevrilir. Sosial səbəblər iqtisadi motivlərə qarışır və hər ikisi bir-birini tamamlayaraq əks tənzimləyici amillər kimi çıxış edir.

Sosioloq qeyd etdi ki, xaricə axının səbəbləri mürəkkəb və müxtəlifdir:

- Qloballaşma, informasiya prosedurlarının təsiri və yeni informasiya texnologiyalarına qapılma, eləcə də daha yaxşı həyat, daha komfort həyat şəraiti axtarışı və həyat şəraiti inkişaf etmiş, iqtisadiyyatı böyük olan ölkələr tərəfindən bunun təqdim olunması gəncləri cəlb edən və xaricə axınların əsas səbəblərindən biridir. Biz bunun qarşısını almaq istəyiriksə, iqtisadi mühiti yaxşılaşdırmalı, əlverişli əmək bazarı formalaşdırmalı, əmək haqqı, gündəlik qayğıları effektiv bir şəkildə həll etməli, insanların rahat qazanmasına və rahat yaşayışına şərait yaradılmalıdır. Bu, xüsusən gənclər üçün çox vacib və önəmlidir. Bazar rəqabəti şəraitində kim əmək bazarında daha əlverişli şərtlər təqdim edirsə, müasir qloballaşma mühitində iri korporasiyalar işçiləri cəlb edə bilirlər. Gənclər də həyatlarını qurmağı, ailə üzvlərini, övladlarını daha yaxşı yaşatmaq barədə düşünür. Bu, real gözləntilər və real qayğılardır. Görürlər ki, xarici ölkədə daha çox qazanmaq mümkündür, ona görə də axın edirlər. Nəticədə belə bir emmiqrasiya yaranır. Xarici ölkələrə köçənlər təkcə 18-30 yaş arası gənclər deyil. 30-60 yaş arasında da böyük axın var. İşləmək üçün gedənlər var, yetkin insanlar, ölkəyə milyardlar gətirə biləcək insanlar, müxtəlif sahələr üzrə kadrlar var ki, beyin axını olaraq tərk edirlər ölkəni. Bu axın bizdən gedirsə, mənəvi-iqtisadi-sosial, milli maraqlara hərtərəfli ziyandır, milli strateji hədəflər çərçivəsində böyük itkidir. Bunun qarşısını almaq üçün də iqtisadiyyat inkişaf etdirilməli, şaxələndirilməli, sosial problemlər kökündən həll olunmalı, insanlara bərabər münasibət olmalı, bərabər imkanlar yaradılmalı, diqqət, qayğı göstərilməli və sosial proqramlar olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru