"Apple" tarixində ən qeyri-adi "iPhone" hazırlanır - VİDEO
Bu gün, 17:38

iOS 26 materiallarını sızdırdığına görə "Apple" tərəfindən məhkəməyə verilən insayder Con Prosserin "YouTube" kanalında yubiley "iPhone 20"nin renderləri ilə video yayımlanıb.
Valyuta.az "PhoneArena"ya istinadən xəbər verir ki, bunlara əsasən, "Cupertino" tarixin ən radikal yenidənqurmalarından birini hazırlayır.
Söhbət "iPhone"un 20 illiyinə həsr olunacaq modeldən gedir. Əsas ideya – ön hissədə heç bir kəsinti olmadan tam ekran dizaynıdır: nə “çəpər”, nə “ada”, nə də kamera üçün görünən deşiklər.
İnsayderin sözlərinə görə, "Apple" mühəndisləri ekran üzərində bütün vizual maneələri aradan qaldıraraq “bütöv şüşə” effekti yaratmaq istəyir. Ekran yalnız ön paneli örtməyəcək, həm də korpusla vizual olaraq birləşəcək.
Videoda qeyd olunur ki, "Apple" “Dynamic Island” funksiyasından da imtina etməyi planlaşdırır. Face ID daxil olmaqla bütün ön sensorların ekranın altına yerləşdirilməsi nəzərdə tutulur.
Renderlərdə diqqət çəkən detallar arasında arxa paneldə ikili kamera sistemi göstərilir. Bu, son flaqmanlardakı üçlü kamera yanaşmasından fərqlənir. Yan düymələrin isə sensor tipli, vibro-geri əlaqəli olması planlaşdırılır.
Texniki hissədə də ciddi dəyişikliklər gözlənilir. Litium-ion batareyaların yerini silikon-anodlu yeni batareya texnologiyasının tutacağı, bunun da enerji sıxlığını artıraraq işləmə müddətini uzadacağı bildirilir. Eyni zamanda HBM tipli yüksək sürətli yaddaşın istifadəsi müzakirə olunur.
Məlumata görə, Apple “iPhone 19” adını keçərək birbaşa "iPhone 20" modelinə keçə bilər və bunu 20 illik yubileyə bağlayacaq.

