Azərbaycanla Latviya strateji tərəfdaşdır
Bu gün, 07:25

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa əsaslanan model üzərində formalaşıb. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri olan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Təbii ki, bu əməkdaşlıq həm ölkələrə malik olduqları potensialı təqdim etmək, həm də səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda gələcək üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq imkanı yaradır. Bunun üçün təkcə cari ilin ötən dövründə qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan ikitərəfli əməkdaşlıqda Baltikyanı ölkələrlə əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə Azərbaycan arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 21-də Azərbaycana rəsmi səfəri Baltikyanı ölkələrlə əlaqələrimizin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Səfərdə məqsəd təbii ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.
Qeyd edilməlidir ki, Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir.
Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması bütün bu məqamlara bir daha işıq saldı. Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. Görüşdə 5 mühüm sənəd mübadilə edildi.
Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Geniş tərkibdə görüşdə cənab İlham Əliyev bildirdi ki, iki ölkə arasında çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.
Mətbuata bəyanatında “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq” söyləyən dövlət başçısı İlham Əliyev latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladı. Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verərək iki ölkə arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırdı. O da qeyd edildi ki, həmin vaxtdan bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu, bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğuladı.
Latviya Prezidenti Edqars Rinkeviçs bu gün çox pozitiv, praqmatik və gələcəyə yönəlmiş müzakirələr apardıqlarını söyləyərək onu da əlavə etdi ki, ölkəsi Azərbaycanla strateji tərəfdaşdır. Bakıda keçiriləcək biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək. Dövlətimizin başçısı İlham Əliyevi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edən Edqars Rinkeviçs bu inamı ifadə etdi ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq. Latviya Prezidenti keçirilən görüşlərdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğuladı: “Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir.”
Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər əlaqələrin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.
Metin Hüseynov - siyasi sərhçi, politoloq

