WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
Bu gün, 16:56

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan üçün miqyası tam qiymətləndirilməsi çətin olan mühüm nailiyyətlər əldə olunub. Bu gün söhbət yalnız Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınmasından və nüfuz qazanmasından getmir. Ölkəmiz artıq qlobal diplomatik proseslərin, strateji qərarların qəbul edildiyi beynəlxalq platformaların və mühüm transmilli layihələrin ayrılmaz, aparıcı iştirakçısına çevrilib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizdə mövcud olan sabitliyin və təhlükəsiz mühitin növbəti göstəricisidir. Dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Bakı müxtəlif ölkələri və xalqları bir araya gətirən etibarlı əməkdaşlıq və dialoq platforması kimi ön plana çıxır. Bu gün Bakı dünyanın mühüm diplomatik mərkəzlərindən biri hesab olunur. Məhz buna görə də belə böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, ardıcıl şəkildə həyata keçirilən strateji siyasi kursun nəticəsidir. WUF13-ün Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun və Bakının qlobal diplomatik mərkəz kimi rolunun növbəti təsdiqidir.
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin bildirdirib ki: “WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir”.
Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir.
İlk növbədə bu ərazilərdə elektrik enerjisi ilə təminat məsələlərinə böyük fikir verilib. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.
İşğaldan azad edilən ərazilərdə dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Hazırda əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib. Burada şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr, hər bir kənd üzrə planlar həyata keçirilir. Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın təcrübəsi bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerdədir və bu rəqəm artmaqdadır. Ümumilikdə 10-u Avropa İttifaqının üzvü olan 12 Avropa ölkəsi Azərbaycandan qaz alır və ölkəmizlə başlamaq istəyən ölkələrin müraciətlərinin sayı artlq.
Bu gün Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Bunu nəzərə alaraq ölkəmiz Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurub.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində mənzil siyasəti, dayanıqlı şəhərlər, urbanizasiya və iqlim dayanıqlılığı ilə bağlı beynəlxalq təcrübə mübadiləsi aparılacaq. Bu isə həm Azərbaycanın yeni yanaşmalar və həllərlə tanış olması, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa modelini yaxından müşahidə etməsi üçün mühüm imkan yaradacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

