Azərbaycan və türkmən xalqlarını tarix, mədəniyyət və etnik köklər birləşdirir
Bu gün, 00:12

Təbii ki, geosiyasi subyektlər olaraq Azərbaycanla Türkmənistanı ortaq məxrəcə gətirən çoxlu sayda regional və qlobal miqyaslı amillər sadalamaq mümkündür. Hazırkı narahat dünyada dövlətlər özlərinin milli maraqlarını, təhlükəsizliyini təmin etmək üçün etibarlı tərəfdaşlarının çox olmasına böyük səy göstərirlər. Lakin müstəqil Azərbaycanla müstəqil Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bir qayda olaraq anşlaqla keçir və yaddaşlarda silinməz izlər buraxır.
İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısı İlham Əliyevə “Taus” ləqəbli şöhrətli “Axaltəkə” atını hədiyyə etməsi dövlətlərarası ali ehtiramın göstəricisidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin də Qurbanqulu Berdiməhəmmədova Qarabağ atını hədiyyə etməsi bütövlükdə Türk dünyasında köklü tarixi ənənələrin yaşadılmasının və Bakı ilə Aşqabad arasındakı əbədi dostluğun müasir diplomatiya tarixinə həkk olunan parlaq rəmzləridir.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Türkmənistan regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə qeyd edildiyi kimi, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrimiz davamlı olaraq o mövqedən çıxış edirlər ki, enerji amili heç vaxt istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir və beynəlxalq hüquq bütün regional və qlobal məsələlərin həllində əsas istinad amili kimi götürülməlidir.
Azərbaycanla Türkmənistan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla inkişaf edir. İndiyədək Azərbaycanla Türkmənistan arasında müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sənədlərin imzalanması ölkələrimizin əlaqələrinin dinamikasına geniş hüquqi əsaslar yaradır.
Azərbaycanla Türkmənistanın çoxtərəfli platformada daim bir-birinə dəstək nümayiş etdirmələri də yaxşı nümunədir. Hər iki ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfəri iki dost və qardaş dövlət arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub”.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Əlbəttə, reallaşdırılan və nəzərdə tutulan perspektiv layihələr özlüyündə cəlbedici görünə bilər. Lakin əmin-amanlıq, siyasi sabitlik olmadan nə hansısa bir layihəni həyata keçirmək, nə də ondan fayda götürmək mümkün deyil. Regionun coğrafi üstünlüklərini, təbii potensialını ölkələrin, xalqların mənafeyinə yönəltmək üçün ilk növbədə dövlətlər arasında qarşılıqlı inam, etimad mühiti yaradılmalıdır.
Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi mövqe hamı üçün yaxşı nümunə ola bilər. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri regional əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Cənubi Qafqaz, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar.
Metin Hüseynov - siyasi sərhçi, politoloq

