“Qara brilyant” – ədədi 7-25 dollar
Bu gün, 00:09

Tibetin 3 min metrdən yüksək dağlıq bölgələrində yetişdirilən “qara brilyant” alması qeyri-adi tünd bənövşəyi rəngi və yüksək bazar dəyəri ilə diqqət çəkir. Məhdud istehsal səbəbilə lüks istehlak bazarında satılan bu nadir meyvənin bir ədədi 7-25 dollar (təxminən 12-42 manat) arasında alıcı tapır.
Bu nadir alma növü özünəməxsus rəngini yetişdiyi bölgənin ekstremal təbiət şəraitindən alır. Gündüz saatlarında güclü ultrabənövşəyi şüalar qabıqda piqment istehsalını maksimum səviyyəyə çatdırır. Gecələr isə temperaturun kəskin düşməsi həmin tünd rəngin sabit qalmasına səbəb olur.
“Qara Brilyant” yalnız görünüşü ilə deyil, dadı ilə də seçilir. Sərt iqlim şəraitində çox yavaş yetişdiyi üçün adi almalarla müqayisədə daha yüksək şəkər miqdarına malik olur. Xırtıldayan quruluşu və balı xatırladan aroması məhsulu qastronomiya həvəskarlarının diqqət mərkəzinə çevirib.
Yüksək tələbat olmasına baxmayaraq məhsulun bazardakı miqdarı olduqca məhduddur. Bunun əsas səbəbi istehsal prosesinin çətin və uzunmüddətli olmasıdır.
Mütəxəssislərin sözlərinə görə, alma ağaclarının məhsul verəcək səviyyəyə çatması illərlə vaxt aparır. Hər ağacdan əldə olunan məhsulun az olması, dağlıq ərazilərdə yığım prosesinin çətinliyi və logistika problemləri də qiymətlərin yüksək qalmasına səbəb olur.
Bütün bu amillər “qara brilyant” almasını dünyanın ən nadir və ən bahalı meyvələrindən birinə çevirir.

