Rusiya noyabrda ölkənin iri İES-lərini tam sıradan çıxara bilər - Ukrayna hərbçisi
16-08-2026, 11:54

Ukraynanın hava hücumundan müdafiəsi üçün raket çatışmazlığı fonunda Rusiya ölkənin iri istilik elektrik stansiyalarını (İES) şaxtalar başlamamış tamamilə sıradan çıxara bilər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi İnnovasiya Fəaliyyəti İdarəsinin zabiti, hərbçi, sahibkar və bankir Andrey Onistrat “Naspravdi” proqramına müsahibəsində bildirib.
Onistratın fikrincə, hazırkı şəraitdə Ukraynanın iri İES-lərini qorumaq “real deyil”. “Rusiya onları noyabrda, bəlkə də oktyabrda sıradan çıxaracaq”, – deyə o bildirib.
Hərbçi belə bir ssenariyə hazırlaşmaq üçün əhaliyə alternativ enerji mənbələri barədə əvvəlcədən düşünməyi tövsiyə edib. Onun sözlərinə görə, generatorlar, invertorlar və günəş panelləri müəyyən qədər kömək edə bilər. Lakin qış aylarında günəş panellərinin səmərəliliyi əhəmiyyətli dərəcədə azalır.
Onistrat noyabrın xüsusilə ağır, dekabrın isə daha çətin keçə biləcəyini, yanvarın nisbətən yüngül olacağını düşünür. O, ukraynalılara işıq, elektrik enerjisi və istiliyin uzun müddət olmaması ehtimalına hazırlaşmağı tövsiyə edib.
Hərbçi qış aylarında kənd yerlərinə köçməyi də mümkün variant kimi göstərib. Onun fikrincə, Kiyevdən uzaq ərazilərdə mənzil kirayəsi daha ucuzdur və insanlar qış üçün əvvəlcədən ərzaq və digər zəruri ehtiyatlar toplaya bilərlər.
Ukraynanın enerji sisteminin qarşıdakı qışda ciddi problemlərlə üzləşə biləcəyi barədə xəbərdarlıqlar daha əvvəl də səsləndirilib. Ölkənin enerji infrastrukturu Rusiya ordusunun davamlı zərbələri nəticəsində ciddi zərər görüb. Ekspertlərin qiymətləndirməsinə görə, bərpa edilmiş istilik elektrik stansiyaları belə əvvəlki gücü ilə işləyə bilməyə bilər.
Bu səbəbdən qarşıdakı qışda elektrik enerjisi və istilik təchizatında uzunmüddətli fasilələrin yaranması riski var.

