Şirkət 2 milyard dollardan çox qiymətləndirmə ilə 750 milyon dollar investisiya aldı
17-08-2026, 17:24

Enerji texnologiyaları sahəsində fəaliyyət göstərən ABŞ şirkəti “Form Energy” 750 milyon dollar investisiya cəlb edib. Şirkətin G seriyalı investisiya raunduna “T. Rowe Price” rəhbərlik edib.
Valyuta.az xəbər verir ki, 2017-ci ildə yaradılan şirkətin qiymətləndirilməsi 2 milyard dolları ötüb. “Form Energy” yeni investisiyanı Qərbi Virciniyadakı istehsal gücünü artırmaq və dəmir-hava batareya sistemlərinin kommersiya istifadəsini sürətləndirmək üçün istifadə edəcəyini açıqlayıb.
Şirkət Mateo Xaramillo (Mateo Jaramillo), Yet-Min Çanq (Yet-Ming Chiang), Ted Uayli (Ted Wiley), Uilyam Vudford (William Woodford) və Marko Ferrara (Marco Ferrara) tərəfindən təsis edilib. “Form Energy” uzunmüddətli enerji saxlama sistemləri hazırlayan enerji texnologiyaları şirkətidir. Şirkət xüsusilə günəş və külək kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin saatlarla, hətta günlərlə saxlanılmasına imkan verən sistemlər hazırlayır.
Bu texnologiya bərpa olunan enerji istehsalının aşağı olduğu dövrlərdə elektrik şəbəkəsinin fasiləsiz enerji ilə təmin edilməsini hədəfləyir. Şirkətin əsas texnologiyası dəmir-hava batareyalarıdır. Bu batareyalar elektrik enerjisi istehsal etmək üçün havadakı oksigendən istifadə edir və dəmirin paslanması prosesini əks istiqamətdə həyata keçirərək enerjinin yenidən saxlanılmasına imkan verir.
“Form Energy” bu yanaşma sayəsində ənənəvi qısamüddətli batareyalarla müqayisədə enerjini daha uzun müddət saxlaya bilən və daha az xərc tələb edən sistemlər hazırlamağı qarşısına məqsəd qoyub.
“Form Energy”nin sistemləri elektrik şəbəkələrinin etibarlılığını artırmaq və artan enerji tələbatını qarşılamaq üçün hazırlanır. Şirkət texnologiyasının tamamilə bərpa olunan enerji mənbələri ilə işləyən elektrik şəbəkəsinə keçidi dəstəkləyə biləcəyini bildirir.
“Form Energy”nin müştəriləri arasında “Xcel Energy”, “Google”, “Crusoe” və “FuturEnergy Ireland” yer alır. Şirkətin kommersiya sifarişləri üzrə portfelinin ümumi həcmi təxminən 80 giqavat-saat təşkil edir.

