Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR

14-08-2026, 00:09           
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Ermənistan Mərkəzi Bankı ölkənin kommersiya banklarına Rusiyaya qarşı beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsinin qarşısını almaq üçün yeni tələblər müəyyənləşdirib.

Modern.az xəbər verir ki, avqustun 12-dən qüvvəyə minən tələblərə əsasən, Ermənistan bankları Rusiyaya qarşı sanksiyaların dolanılması ilə əlaqəli ola biləcək əməliyyatları operativ şəkildə müəyyən etməlidirlər.

Mərkəzi Bankın qərarı ilə təsdiqlənən “Banklarda daxili nəzarətin minimum şərtləri” adlı qaydalarda sanksiyalardan yayınma risklərinin idarə olunması üzrə xüsusi sistemin yaradılması nəzərdə tutulur. Banklar şübhəli hesab edilən əməliyyatları həyata keçirilməzdən əvvəl müəyyənləşdirməli, zərurət yarandıqda onları dayandırmalı və ya rədd etməlidirlər.

Yoxlama yalnız bank müştərisi ilə məhdudlaşmayacaq. Əməliyyatın qarşı tərəfi, digər iştirakçıları, coğrafi istiqaməti, istifadə olunan valyuta, əməliyyatın həyata keçirildiyi yer, eləcə də mal və xidmətlərin mənşəyi də nəzərə alınacaq.

Fiziki şəxslərlə bağlı yoxlamalarda onların vətəndaşlığı, yaşayış ünvanı və vergi rezidentliyi əsas meyarlardan olacaq. Şirkətlər üzrə isə hüquqi şəxsin yerləşdiyi və fəaliyyət göstərdiyi ölkə, əlaqəli şəxslər və benefisiar sahiblər barədə məlumatlar araşdırılacaq.

Beləliklə, Ermənistan bankları Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsi ilə bağlı əməliyyatlara nəzarəti gücləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru