Hunların Azərbaycana qayıdışı, m. II əsri
17-08-2026, 16:04

Hun (AğÜn) boyları qədim Azərbaycanın (Odərbağdayın) yerli Öntürk boylarındandır. Ona görə də Əhəməni mənbələri hunların m.ö VI əsrdə Maday (Bağday) ərazisində yaşadıqlarını qeyd edirlər. (indiki Güney Azərbaycanın güney-batısı). Hun boyları qədim Çinin quzeyi (indiki Monqlustanda daxil olmaqla) ilə Baykal gölü ərazilərinə köç etmişdilər. Böyük ehtimalla Hun (AğÜn) Öntürk boylarının qədim Azərbaycandan köçü Saq (ƏsAğ) boylarından sonra m.ö 4-cı minillikdə baş vermiş və Afanasiyev adlandırılan mədəniyyət yaratmışdılar. Bu mədəniyyət e.ə. 3300-cü ildən e.ə. 1700-cü ilə qədər davam etmişdir. Sayan-Altayın dağlıq hissəsində mis karxanalarının izləri aşkar edilib. Arxeoloji tədqiqatlar çaxmaq daşından hazırlanmış ox ucları, mis bıçaq və sırğalar, metal qab — qacaq və müxtəlif alətlər, at və qoyun sümüklərinə dair müxtəlif tapıntı və dəlillər bu mədəniyyətin mövcudluğundan bizə çatan əsərlərdir . Bu qalıqlar ilk ana yurdda yaşayan Proto-Türklərin tunc dövrünə girdiklərini, ovçuluq və heyvan bəsləmələrini göstərir. Metal emalı ilə bağlı ilk mədəniyyət Afanasyev mədəniyyəti adlanır. Həmin dövrdə Çində heç bir qurum və sülalə hakimiyyəti də mövcud deyildi. M.ö 3-cü minilliklərə qədər Çində, onun şimal-qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı və donuz saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar. M.ö III-II minilliklərdə Xuanxe və Yantszı çayları arasında qədim sivilizasiya formalaşmışdır. Sonralar Afanasiyev adlandırılan mədəniyyətin ərazilərində Hun imperiyası (Xiongnu) aristokratiyasına aid olan Noin-Ula məzarlıqları, Quzey Monqolustanda, Selenqa çayı yaxınlığında qədim dəfn abidələr aşkar olunmuşdur. M.ö II əsrdən eramızın I əsrinə qədər olan dövrü əhatə edən bu tarixi məkanda 200-dən çox kurqan aşkar edilmişdir. Hun adı ilk dəfə e.ə. III əsr Çin mənbələrində “hyuonnu” və ya xiongnu kimi çəkilmişdir. Bildiyimiz kimi çinlilər özlərini mənası insan olan “Xan” adlandırırlar. Xan və hun sözüdə eyni mənada işlənmişdir. Mənbələrdə qeyd olunur ki, “Hun” sözü qədim türk dillərində də “adam”, “insan” və ya “xalq” mənasını verir. Sonradan bu söz “xalq” mənasında işlənmişdir. “Hun” sözü siradan bir söz deyil, o AğÜn yəni Ulu Tnrının Ünü mənasından sonradan Qan- Xan –Kan- Han- Hun şəklində işlənmişdir. Bildiyimiz kimi Qan ölkəmizin adında da Adərbayqan kimi işlənmişdir. Çin sözü də Öntürkcədir yəni Qan-Xan-Kin- Çin-Can. Can da həmin mənadadır, Azərbaycan adının sonluğunda işlənir. Beləliklə həqiqətən də Öntürkcədə “Hun” adının mənası AğÜn yəni Ünü sanan insan və yaxyd xalq mənasındadır.
Azərbaycan ərazisinə ilk dəfə qayıtmış Qamər-Saq Türk tayfaları burada öz soydaşlarının üstünlüyünü qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərin ölümündən sonra isə Selevkilərə qarşı mübarizə aparmışdılar. Dionisi Periegetin yazdığına görə “II əsrin II yarısında Azərbaycanın şimal - qərbində yaşayan türklər Makedoniyalı İskəndər tərəfindən Pireneylərdən köçürülmüş iberlərlə amansız savaşlar aparmışdılar". Bu mənbədə hunları "hökmdar iskitlər" adlandırılır.
Hun Türklərinin də Azərbaycana qayıdışı əsasən eramızın II–IV əsrlərindən başlayaraq intensiv xarakter almış və Azərbaycan ərazisində türk etnogenezinin güclənməsində mühüm rol oynamışdır.Tarixi mənbələrdə hun tayfalarının Qafqaza və Azərbaycan ərazilərinə ilk qayıdışı eramızın II əsrinə aid edilir. Antik mənbələrdə II əsrdən başlayaraq Azərbaycanda Türk mənşəli kaspilərlə və albanlarla qonşuluqda yaşayan hun tayfalarının adları çəkilməyə başlayır. Arşakilərin Cənubi Qafqazda hakimiyyətdə olan nümayəndələri Sasanilərə qarşı iberlərlə, albanlarla və hunlarla əlbir hərəkət edirdilər. 226-cı ildə Sasanilər sülaləsindən olan Ərdəşir Parfiya sülaləsi olan Arşakiləri hakimiyyətdən devirərək özünü indiki İran və ona qonşu olan ərazilərin hökmdarı elan etdi. Sasanilərin hakimiyyətə gəlməsilə Cənubi Qafqazda ağalıq etmək uğrunda hunlar, Sasanilər və Roma arasında uzunsürən müharibələr başladı.
Hun haqqında digər mənbələr də mövcuddur, əfsus ki, onların bir çoxu Hunların Azərbaycana yəni öz əsgi yurdlarına qayıdışını-dönüşünü köçəri ünsürlərin girməsi, talançı, dağıdıcı yürüyüşü və soxulması, elələri var ki, Türklərin Alban dövlətinə ilk köçü kimi təqdim edirlər. Çox təsüf ki, hətta qədimdən Türk yurdu olan Alban Elində Hunların gəlişəndən əvvəl Türklər yaşamadığını yazanlar da var. Ona görə də Sizə aşağıdakı mənbələrdən istinadla paylaşıram. (Təvəkgül Nəbioğlu)
R.Fray yazır ki, “hun” etnonimi, onun “syun” etnonimi ilə eyni olub-olmaması ilə bağlı bəzi məsələlər tədqiqatçılar üçün xeyli çətinlik törədir. Lakin Çin mənbələrinin onları “barbar şimal syunları” adlandırması inkaredilməz faktdır. Bəzi ehtimallara görə, “hun” adının mənası türk və monqol dillərində “insan”, “şəxs” deməkdir. Lakin R. Frayın yazdığına görə, bəzi lüğətlərdə bu ad “düşmən” kimi izah olunur. Macar türkoloqu Q. Nemetə görə, “hun” adı türk dilində “xalq”, alman alimi F. Altheimə görə isə “güc və qüvvət” mənasındadır (1, 74-75). Bəzi tədqiqatçılara görə, hun siyasi birliyinin dəqiq tarixini yalnız e.ə. IV əsrdən etibarən izləmək mümkündür. Hunlarla bağlı hələlik ilk tarixi mənbə, e.ə.318-ci ilə aid Çin-Hun sazişini əks etdirən bir tarixi sənəddir ( 6, 147). ( Zərövşən Hüseynli, AMEA Tarix İnstitutu)
Yeni eranın ilk əsrlərindən başlayaraq doğudan batıya miqrasiya edən hunlar və onlara qoşulan başqa türk, finuqor boyları Xəzərin quzeyindən İtil çayını keçib Xəzərlə Azov dənizləri arasında, Quzey Qafqaz və Dağıstan bölgələrində yerləşirdi.
Sonralar «Qıpçaq çölü» (Dəşti Qıpçaq) adlanan bu köç yolunun əhatə etdiyi bölgələrə hunlardan sonra da türklərin axını Monqol istilası çağına qədər davam etmişdir. Burada daha öncə yaşayan və yeni gələn türk boyları regionun etnik durumunu xeyli türkləşdirdi. Ona görə də Alban elinin quzey-doğu bölgələrini də içinə alan böyük bir regionu alban yazarı M. Kalankatlının «Türküstan» adlandırması təbii idi. Alban eli ilə quzeydə yaşayan türklər arasında sıx əlaqə vardı və Kador, Daryol (Dəryal), Salavat, Axtı, Dərbənd və sair keçidlər vasitəsi ilə gerçəkləşən bu əlaqə siyasi-inzibati sınırların fövqündə idi. Özəlliklə, heyvandarlıqla məşğul olan bəzi köçəri türk boyları yayı Dağıstanda, qışı Muğanda keçirirdi. Belə ki, zəif şəkildə olsa da, həmin gələnək bugünə cən davam edir. Sasani çağında strateji yollar üzərindəki keçid məntəqə lərində qurulan bəndlər, hərbi qarnizonlar üçün tikilən qalalar Alban eli ilə Dağıstan arasında gediş-gəlişi azaltdı.
Beləliklə, İslamaqədər Alban eli m. ö. IV əsrdən quzeydə bir sıra qafqazdilli və irandilli boylarla, həmçinin öncə saqa, hun, avar, bulqar və sair adlarla tanınan, sonralar Xəzər dövlətinin tərkibinə qatılıb ümumi xəzər adı ilə adlanan çoxsaylı türklərlə əlaqədə idi. (Prof.Dr Firudin Cəlilov)
III-IV əsrlərdə Yuxarı İkiçayarası, Suriya və Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında qanlı müharibələr aparıldı. Bu müharibədə Qafqaz uğrunda mübarizə Sasanilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu müharibələrdə iştirak edən üçüncü tərəf isə türklər idilər. Şimalda yaşayan türk tayfalarının axınlarının əsas məqsədləri Azərbaycan türklərinin bu iki imperiya arasındakı mübarizələrdə qorunması idi. IV əsrin əvvəllərində 20 minlik hun ordusu bir tərəfdən Sasanilər, digər tərəfdən romalılar tərəfindən sıxışdırılan Muğan hakimi Sanatürkün çağrışı ilə onun köməyinə gəldi. Van gölü sahillərində yerləşən,Romanın müttəfiqi olan Ərmən hakimliyinin paytaxtı hunlar tərəfindən ələ keçirildi.
387 - ci il Sasani-Roma müqaviləsindən sonra Cənubi Qafqaz Sasanilərin nəzarətinə verilsə də yerli türk tayfalarının müqaviməti, bölgəyə yeni türk axınları ilə yanaşı İranın şərq qonşuluğunda - Orta Asiyada yaşayan türklərin hücumları burada Sasanilərin şəriksiz hökmranlığa nail olmasına əngəl törədirdi.
395 - ci ildə Sasanilərə və Roma imperatorluğuna sarsıdıcı zərbələr endirən hunlar Ön Asiyanın xeyli hissəsi və Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdilər. Mənbələrin verdiyi məlumata görə bu yürüşə "hökmdar iskitlərin " nəslindən olan Vasix və Kursix başçılıq edirdilər. İstər Roma, istərsə də Sasanilər türk tayfalarının Azərbaycana davamlı axınları,onların bölgədəki qədim türklərlə qaynayıb qarışmaları nəticəsində bölgədə çoxluq təşkil etmələrindən narahat olur və bu prosesə müqavimət göstərirdilər. Bu məqsədlə Sasanilər Dərbənd səddini inşa etdirmiş və Xəzər sahili boyunca indi tat adlandırılan soydaşlarını yerləşdirmişdilər. Romalılar isə Daryal keçidini möhkəmləndurmiş və hakim olduqları bölgələrdə xristianlığı yaymaqla möhkəmlənmək istəyirdilər.
IV əsrin ikinci yarısından etibarən hunların Böyük Köç hərəkatı çərçivəsində və Dərbənd keçidindən istifadə edərək Cənubi Qafqaza, o cümlədən Qafqaz Albaniyasına kütləvi axını gücləndi.
Azərbaycan ərazisinə gələn hun tayfaları burada yerli türk boyları ilə qaynayıb-qarışmış, Albaniyanın siyasi və hərbi həyatında mühüm rol oynamışlar.
Bu köçlər Azərbaycan torpaqlarında türk dilli əhalinin mövqeyini daha da möhkəmləndirmiş və sonrakı əsrlərdə baş verən oğuz-qıpçaq axınları üçün zəmin yaratmışdır. ( Kərəm Məmmədov,Tarixçi.Alim)
Barsillər haqda tarixi qaynaqlarda çox az məlumata rast gəlinir. Moisey Xorenlinin barsillər Cənubi Qafqazda olmasını təsdiq edən məlumatlar bu baxımdan çox dəyərlidir. Barsillərin hunbulqar etnik birliyinə məxsus olması hazırda da elmi ədəbiyyatda müzakirə mövzusudur. Xorenli yazır: “Xəzər və barsil tayfaları birləşib Dərbənd keçidini keçərək Vnesep Surxepin başçılığı altında Kürə çatıb, burada məskunlaşdılar”. Rus tədiqaqatçısı M.I.Artamanov isə bu zaman xəzərlərin adının çəkilməsini anaxronizm adlandırır. Bizans tarixçiləri Barsilya adlı toponimi Şimali Dağıstan ərazisi, Xəzər dənizinin şimal hissəsi ilə eyniləşdirir. Feofan və Nikiforun tədqiqatlarında Barsil ərazisi xəzərlərin vətəni kimi qeyd olunmuşdur: “Xəzərlər sarmatlarla qonşuluqda yaşayır, onların ölkəsi Barsilya adlanır”. Barsillərin dili xəzərlərin və bulqarların danışıq dili ilə çox oxşar olmuşdur, bu dil təxmini olaraq türk dilləri qrupunun qərb qoluna daxildir (3, 15). Mənbələrdən məlum olur ki, təxminən 215-216-cı illərdə xəzərlər və barsillər Dərbənd səddini aşaraq Albaniyaya çatırlar. On il sonra 225-ci ildə yenə də hunlar (xəzər-barsil tayfaları) Cənubi Qafqazda yenidən göründü. ( Zərövşən Hüseynli, AMEA Tarix İnstitutu)
Gürcü mənbələrinə görə, Mirvan (m. ö. 167-123) xəzər hücumlarından qorunmaq üçün Daryol keçidində istehkam qurmuşdu. Göründü yü kimi, bu qaynaqlarda xəzərlər m. ö. II əsr olayları ilə bağlı xatırlanır və bunu «anaxronizm» saymaq üçün əsas yoxdur, çünki xəzər//azər və kaspi etnonimləri eyni xalqın müxtəlif dialektlərdə işlənən adıdır. Hay tarixçisi M. Xorenatsi də yazır ki, II əsrin sonu və III əsrin əvvəlində (193 və 213-də) xəzər və barsil boyları birlikdə Ərməniyə torpaqlarına Alban ölkəsindən keçib girdilər. (Prof.Dr Firudin Cəlilov)
Bununla yanaşı Azərbaycana yeni türk tayfalarının axınları da davam edirdi. Belə tayfalardan biri bulqarlar idi. Mənbələrdə eradan əvvəl II əsrin II yarısında bulqarların Böyük Qafqaz dağlarını aşaraq Azərbaycanda məskunlaşdıqları haqqında geniş məlumat verilir. Azərbaycan Respublikasının cənub-şərqindəki Bulqarçay bulqarların burada məskunlaşmaları ilə bağlıdır. II əsrin II yarısından etibarən Cənubi Qafqaza bulqarların bir qolu olan barsillərin yürüşləri başladı. 198-ci ildə türk tayfalarından olan barsillər Çola (Dərbənd) qapılarından keçərək Kür çayının hər iki sahillərinə yerləşdilər. Alban əsilzadələri ilə barsillər arasında sıx qohumluq əlaqələri yarandı. Barsillərin Azərbaycan ərazisinə növbəti gəlişləri 216 - cı ildə olmuşdu. Onların məskunlaşdıqları Azərbaycan əraziləri latın mənbələrində Bersiliya, ərəb mənbələrində isə Berşaliya (Borçalı) adlandırılır. Barsillərin Azərbaycanın böyük bir hissəsində hökmranlıqları hunların axınlarına qədər davam etmişdir". Türklərin şəcərə kitabında Toğarmanın oğulları olan on türk tayfası içərisində barsillərin adları 5-ci yerdə çəkilir. ( Kərəm Məmmədov,Tarixçi.Alim)
Əsas mənbələr:
1. Prof.Dr Firudin Ağasıoğlu “Doqquz Bitik” III kitab “Azərbaycanda Qurulan Qədim Dövlətlər”.2014.
2. Tarixçi Alim Kərəm Məmmədov “Borçalı Fokloru” I cild.2013.
3. Zərövşən Hüseynli, AMEA Tarix İnstitutu, məqalə. “Hunlar və Azərbaycan”
Təvəkgül Nəbioğlu




