Milyonçu qadın Frensis Li polisə sübut toplamağı necə öyrətdi
Dünən, 10:54

XX əsrin əvvəllərində kriminalistika hələ yeni inkişaf edirdi və bir çox cinayət yalnız ona görə açılmamış qalırdı ki, müstəntiqlər vacib sübutları görməzlikdən gəlirdilər.
Onlara hadisə yerində dəlilləri toplamağı öyrədən isə detektivləri və kukla evlərini çox sevən varlı bir irs sahibəsi idi.
⸻
Qətl və kukla evi
1946-cı il avqustun 19-da, bazar ertəsi günü, məktəbli Doroti Dennison evdən çıxaraq axşam yeməyi üçün anasının bişirmək istədiyi hamburgerlərə ət almaq məqsədilə ət dükanına getdi. Lakin evə geri dönmədi.
Bir neçə günlük axtarışlardan sonra qızın meyiti məzuniyyətdə olan bir pastorun evində – bağlanmış pəncərələrin və örtüklə bürünmüş mebellərin arasında tapıldı.
Bu gün Doroti hələ də o evdə “yaşayır” — amma artıq bir kukla şəklində, miniatür bir evin içində. Cinayət yeri bütün detalları ilə müasir kriminalistikanın banilərindən biri olan Frensis Qlessner Li tərəfindən yaradılmışdı.
⸻
Uşaqlıq və gənclik
Frensis 1878-ci ildə “International Harvester” şirkətinin sahibi, milyonçu Con Qlessnerin ailəsində anadan olmuşdu.
Ailəsi Çikaqoda qaranlıq, qala kimi bir malikanədə yaşayırdı və kiçik “Fanni” özünü çox tənha hiss edirdi.
Dörd yaşında anasına demişdi: “Mənim kuklamdan və Tanrıdan başqa heç kimim yoxdur”.
Valideynləri onun təhsil almasına icazə vermirdilər — “Zərif xanımlar məktəbə getməz”, – deyirdi atası.
Frensis tibb bacısı olmaq istəyirdi, lakin cəmiyyətdə qadınlardan gözlənilən kimi, 20 yaşlarında tanımadığı bir hüquqşünasla evləndirildi.
Zamanını keçirmək üçün kukla evləri düzəltməyə başladı – o dövrün zadəgan qadınları üçün münasib bir məşğuliyyət idi.
Lakin o, dəbdəbə içində yaşamaq, ziyafətlər vermək və brilyant toplamaq əvəzinə, kukla evlərindən istifadə edib polisi həqiqəti tapmağa öyrətməyi seçdi.
Beləcə, müasir kriminalistikanın əsası qoyuldu.
⸻
Yeni həyat və məqsəd
1914-cü ildə Frensis ərindən ayrıldı – o zamanlar bu, böyük bir qalmaqal idi.
Uzun illər “təcrid”də, Santa-Barbarada yaşadı. Yeganə dostu qardaşının tanışı, Bostonlu məhkəmə-tibbi ekspert Corc Maqrat idi.
Onun cinayət hekayələri Frensisi valeh edirdi.
1930-cu illərin ortalarında Frensis ailə sərvətinin yeganə varisinə çevrildi. Artıq o, nə maddi, nə də mənəvi cəhətdən heç kimdən asılı deyildi.
O, bütün vaxtını və pulunu cinayətlərin araşdırılmasına həsr etməyə qərar verdi.
Frensis Harvard Universitetində Məhkəmə Tibbi Fakültəsinin yaradılması üçün böyük ianə verdi və onun rəhbəri oldu.
Polis və ekspertlər üçün seminarlar təşkil etdi, onlara banketlərdə ev sahibliyi etdi, hər xırda detalı – süfrə bəzəyini, menyunu – özü seçirdi.
Beləcə, o, kişi dünyasına “öz yolunu” açırdı.
⸻
“Nutshell” laboratoriyası və miniatür cinayətlər
Maqratın şikayətlərini dinləyərkən Frensis başa düşdü ki, çox cinayətlər yalnız ona görə açılmır ki, detektivlər dəlilləri düzgün təhlil etməyi bacarmır.
O, qərara aldı ki, gələcək istintaqçılar üçün praktik təlim vasitələri yaratsın – miniatür cinayət səhnələri.
Hər bir diorama (kukla evi) real hadisələrdən ilham alaraq hazırlanmışdı, lakin bütün detallar Frensisin öz təxəyyülündən doğurdu.
Onlar üçün “şahid ifadələri” və “polis hesabatları” da tərtib edilirdi.
Frensis Nyu-Hempşirdəki malikanəsində Nutshell Laboratories adlı emalatxana açdı. Hər evin divarları, damları, həyəti, mebeli – hamısı ən incə detalına qədər düşünülmüşdü.
Hər bir dioramanın hazırlanması 3–4 min dollara başa gəlirdi (o dövr üçün çox böyük məbləğ).
Dioramalarda heyrətamiz detallılıq vardı:
• qapıların qıfılları açılırdl,
• siqaret kötükləri külqabılarda qalırdı,
• təqvimlər 1940-cı illərin ay və illərini göstərirdi,
• hətta siçan tələsi işləyirdi.
Bu xırdalıqlar tələbələrə diqqətli olmağı, lazımsız detalları isə ayırmağı öyrədirdi.
Lakin bu evlərdə zorakılığın izləri də vardı: güllə izləri, aşmış mebellər, qan ləkələri.
Hər “meyit” anatomiya baxımından real idi — Li bu məqsədlə cinayət yerlərinə və meyitxanalara gedirdi.
O, kuklaların paltarlarını tikir, corablarını iynə ilə toxuyurdu.
⸻
Qadın əli ilə kriminalistikanın doğuluşu
İlk dioramasını Frensis 1945-ci ildə tamamladı. Sonra hər iki ildən bir Harvardda iki həftəlik təlimlər keçirirdi.
Əvvəlcə onu ciddi qəbul etməsələr də, zamanla Frensis Li kriminalistika aləmində əfsanəyə çevrildi.
Renwick Qalereyasının kuratoru Nora Atkinson deyirdi:
“Li kişi hökmranlığı altında olan sərt bir sahəyə qadınların ənənəvi ‘əllə işi’ — tikiş, miniatür və diqqət – vasitəsilə daxil oldu.”
Frensisin qurbanlarının çoxu qadın idi, bəziləri isə cəmiyyətin aşağı təbəqələrindən — kasıblar, keçmiş məhbuslar, fahişələr.
O, tələbələrə “hər bir ölüm ədalətə layiqdir” fikrini aşılayırdı.
⸻
Miras
Frensis Li Nyu-Hempşir ştat polisində fəxri kapitan tituluna layiq görülmüş, Beynəlxalq Polis Rəisləri Assosiasiyasına qəbul edilən ilk qadın olmuşdu.
Onun seminarları istintaq standartlarını müəyyənləşdirdi, bir neçə ştat bu əsasda yeni qanunlar qəbul etdi.
1962-ci ildə, 83 yaşında vəfat etdikdə, Harvard onun maliyyə dəstəyini itirərək proqramı bağladı.
Xoşbəxtlikdən, professor Rassel Fi̧şer dioramaları xilas edib Baltimora köçürdü.
1992-ci ildə isə onlar bərpa edildi və bu günə qədər qorunur.
Ulviyya Alovlu
TEREF



