İqtisadi əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin əsas sütunudur

21-10-2025, 16:50           
İqtisadi əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin əsas sütunudur
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana rəsmi səfəri iki ölkə arasında dost və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində yeni töhfə olmuşdur. Bu gün iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan konstruktiv dialoqdur.
Ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası ‒ təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Ələlxüsus da 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub.
Son illər Prezident İlham Əliyevin Qazaxıstana müntəzəm xarakter alan səfərləri, eləcə də qardaş ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Qeyd edilməlidir ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi sahədə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında təxminən 170 sənəd imzalanıb, bu da çoxşaxəli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir. İqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması və investisiya axınının güclənməsi dövlətlərarası münasibətlərə praktiklik gətirib. Xəzər dənizi isə həm enerji, həm də logistika baxımından bu əməkdaşlığın mərkəzi elementinə çevrilib. Orta Dəhliz layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır və iki ölkənin qlobal nəqliyyat sistemində rolunu artırır.
Bu gün iqtisadi əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin digər əsas sütunudur. Qazaxıstan kapitalı ilə Azərbaycanda artıq 250-yə yaxın kommersiya qurumu fəaliyyət göstərir ki, bu da ölkələr arasında investisiya etimadının yüksək səviyyədə olduğunu göstərir. Qarşılıqlı ticarət də davamlı artım göstərir; 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar, 2025-ci ilin yanvar-avqust aylarında isə 547 milyon dollar təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə üç dəfə çox olmuşdur. Bu artım Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi və tarif siyasətinin optimallaşdırılması ilə birbaşa bağlıdır. İnvestisiya sahəsində də tərəfdaşlıq möhkəmlənir. Azərbaycanın Qazaxıstana yatırdığı sərmayə 225 milyon dollar, Qazaxıstanın Azərbaycana yatırdığı sərmayə isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər tərəflərin qarşılıqlı uzunmüddətli marağını və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Nəqliyyat və logistika əməkdaşlığı da iqtisadi artım və regional bazarların inteqrasiyası üçün strateji əhəmiyyət kəsb edir. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Bu sənəd nəqliyyat infrastrukturunun sinxron inkişafını, əlavə yük axınının cəlb edilməsini və vahid tarif siyasətinin həyata keçirilməsini nəzərdə tutur. SOCAR və KazMunayQaz arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş isə enerji əməkdaşlığının strateji səviyyəsini göstərir.
Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya rəsmi dövlət səfərinə gəlib. Əvvəlcə iki dövlət başçısının təkbətək görüşü keçirilib. Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib ki, “Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”.
“Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır”, - deyə o əlavə edib.
Prezident İlham Əliyev qardaş ölkənin həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevindiyini qeyd edib. Prezident bildirib ki, “Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik”.
Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Görüş zamanı mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Beləliklə, Azərbaycan-Qazaxıstan əlaqələri yalnız diplomatik çərçivədə qalmayıb, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq siyasi etimad, iqtisadi inteqrasiya, mədəni yaxınlıq və ekoloji məsuliyyət prinsipləri üzərində formalaşaraq həm iki ölkənin, həm də bütün regionun sabitliyi və davamlı inkişafı üçün mühüm təsir yaradır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]