Dünyanın ən bahalı oğurluqları: Binalardan dinozavr sümüklərinə qədər
29-10-2025, 17:44

Dünyada bəzi oğruların hədəfi sadəcə pul deyil, tarix və prestijdir. Muzeylərdən aparılan əsərlər, qiymətli daş-qaşlar, hətta dövlət simvoluna çevrilmiş binalar belə “oğurlanıb” tarixə düşüb. “Reader’s Digest” jurnalı dünyanın indiyədək baş vermiş ən bahalı oğurluqlarının siyahısını təqdim edib. Siyahıda Fransa, ABŞ, Norveç və Monqolustan kimi ölkələrdən misallar yer alır.
Valyuta.az həmin siyahını təqdim edir.
2025-ci ilin oktyabrında Parisdə yerləşən Luvr muzeyi tarixinin ən cəsarətli soyğunlarından biri ilə üzləşib. Dörd nəfərdən ibarət quldur dəstəsi ikinci mərtəbənin pəncərəsini dəmir mişarla kəsərək içəri daxil olub və Fransa imperatriçalarına məxsus zinət əşyalarını aparıb. Cəmi 6-7 dəqiqə çəkən oğurluqda zümrüd, mirvari və sapfir qaşlı boyunbağılar, sırğalar və taclar oğurlanıb. Əşyaların ümumi dəyəri on milyonlarla avro ilə ölçülür.
Dünyanın ən məşhur tablosu olan “Mona Liza” da bir əsr əvvəl oxşar talelə məruz qalıb. 1911-ci ildə Luvr muzeyində işləyən italiyalı Vincenzo Peruccia iki dostu ilə birlikdə əsəri sadəcə divardan çıxarıb aparmışdı. İki ildən sonra əsər İtaliyada satılmağa cəhd edilərkən tapılıb və Luvra qaytarılıb. Tablo hazırda 2 milyard dollar dəyərində qiymətləndirilir.
2008-ci ildə isə New York Daily News qəzetinin jurnalistləri qanundakı boşluğu sübut etmək üçün simvolik addım atıblar - saxta sənədlərlə Empire State Building binasının sənədlərini öz adlarına keçiriblər. Dəyəri 1,89 milyard dollar olan bina rəsmi olaraq “oğurlanmış” sayılıb və sonradan geri qaytarılıb.
1995-ci ildə məşhur skripkaçı Erika Morininin mənzilindən Antonio Stradivarinin 1727-ci ildə hazırladığı “Davidoff-Morini” skripkası oğurlanıb. Dəyəri 3 milyon dollar olan alət bu günədək tapılmayıb və FBI-nın ən çox axtarılan 10 sənət əsəri siyahısındadır.
1939-cu il “The Wizard of Oz” filmində Doroti obrazının geyindiyi qırmızı ayaqqabılar 2005-ci ildə ABŞ-ın Minnesota ştatındakı Judi Garland muzeyindən oğurlanmışdı. 2018-ci ildə FBI ayaqqabıları bərpa etdikdən sonra onların dəyəri 28 milyon dollara qədər yüksəlib və film tarixinin ən bahalı rekviziti hesab olunur.
Norveçli rəssam Edvard Munkun məşhur “The Scream” tablosu isə iki dəfə oğurlanıb. Əvvəlcə 1994-cü ildə Lillehammer Qış Olimpiadası zamanı, daha sonra isə 2004-cü ildə silahlı şəxslər tərəfindən muzeyin ortasında aparılıb. Dəyəri 120 milyon dollar olan əsər hər iki dəfə polis tərəfindən bərpa olunub.
Ən qeyri-adi hadisələrdən biri isə dinozavr sümüklərinin oğurlanması olub. ABŞ vətəndaşı Erik Prokopi Monqolustandan bir neçə nəhəng dinozavr skeletini qaçaqmalçılıq yolu ilə ölkəsinə aparıb. Oğurlanan fosillərin ümumi dəyəri 1 milyon dollardan çox olub. FBI onu həbs edib, sümüklər Monqolustana qaytarılıb.

