Qazaxıstan ərazisindən tranzit yüklərin həcmi 25,8 milyon tona çatıb
29-10-2025, 16:35

2025-ci ilin ilk səkkiz ayında Qazaxıstan ərazisindən tranzit daşımaların həcmi 25,81 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artım deməkdir.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu ilin ilk doqquz ayında dəmir yolu nəqliyyatı ilə 339,4 milyon ton və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çox yük daşınıb.
Dəniz yolları ilə 6 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 9 faiz artım deməkdir. Qazaxıstan limanlarından konteyner daşımaları 30 faiz artaraq 67,2 min TEU-ya çatıb.
Konteyner mərkəzinin ilk buraxılış kompleksi iyun ayında Aktau limanında istifadəyə verilib ki, bu da ilin sonunadək ötürmə qabiliyyətini ildə 240 min konteynerə çatdırmağa imkan verəcək.
2025-ci ilin əlamətdar hadisələrinə Dostık-Moyıntı dəmir yolunun ikinci xəttinin (836 km) istifadəyə verilməsi, Qızıljar-Moyıntı xəttinin (323 km) tikintisinə başlanması, 775 lokomotiv və 2700 platformanın təchizatı üçün müqavilələr, bütün ölkə daxilində 124 dəmir yolu stansiyasının modernləşdirilməsi, Kurık-Bakı xəttinə yeni quru yük gəmisinin gətirilməsi və iki bərənin istifadəyə verilməsinə hazırlıqlar daxildir.

