Bakı ilə Astana arasındakı münasibətlər strateji və dəyərlərə söykənən qardaşlıq modelidir
21-10-2025, 17:58

Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir. Azərbaycan–Qazaxıstan əlaqələri bu gün Türk dünyasının ən etibarlı sütunlarından birinə çevrilib. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə qarşılıqlı etimad günbəgün genişlənir. Bu münasibətlərin kökü ortaq tarix, dil, din və mentalitetdədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə sıx təmaslar, həmçinin son illərdə həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər və reallaşdırılan layihələr münasibətləri praktiki səviyyəyə daşıyıb. Xüsusilə azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi bu dostluğun rəmzinə çevrilib. Bu layihə həm humanitar jest, həm də türk həmrəyliyinin real təzahürüdür.
Son illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında təxminən 170 sənəd imzalanıb, bu da çoxşaxəli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir. İqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması və investisiya axınının güclənməsi dövlətlərarası münasibətlərə praktiklik gətirib. Xəzər dənizi isə həm enerji, həm də logistika baxımından bu əməkdaşlığın mərkəzi elementinə çevrilib. Orta Dəhliz layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır və iki ölkənin qlobal nəqliyyat sistemində rolunu artırır.
Azərbaycan və Qazaxıstan yalnız regional deyil, həm də beynəlxalq səviyyədə eyni mövqedən çıxış edir. Türk Dövlətləri Təşkilatı çətiri altında bu əməkdaşlıq daha da sistemləşib. Bu birliyin “Türk dünyasının inteqrasiyasının mühərriki” adlandırılması yeni strateji baxış ortaya qoyur. Müsahibədə türk dövlətləri arasındakı həmrəyliyin gələcəkdə daha praktiki və iqtisadi əsaslara söykənəcəyinə diqqət çəkilib.
Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi dövlət səfərinə gəlib. Ertəsi gün iki dövlət başçısının təkbətək görüşü keçirilib. Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Qeyd edilib ki, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi, ədəbiyyat, təhsil, kino və incəsənət sahələrində əməkdaşlıq cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırır. Qazaxıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək həm simvolik, həm də siyasi anlamda dərin mesaj daşıyır. Enerji diplomatiyası da əməkdaşlığın mühüm hissəsidir: neft, qaz və alternativ enerji sahələrində yeni layihələr gündəmdədir. Azərbaycanın enerji infrastrukturu ilə Qazaxıstanın ixrac potensialının birləşməsi regionu Avrasiyanın enerji xəritəsində mühüm mərkəzə çevirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qazaxıstan üçün, Aktau limanı isə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

