"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir"

Bu gün, 12:34           
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir"
Qlobal iqtisadiyyat və geosiyasətdə baş verən sürətli dəyişikliklər dünya nizamını köklü şəkildə yenidən formalaşdırır.

Bunu Qlobal Siyasət Forumunun akademik koordinatoru, Özyeğin Universitetinin beynəlxalq münasibətlər üzrə mühazirəçisi Evren Balta Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, dünya artıq klassik böhran anlayışından çıxaraq sistematik və struktur transformasiya dövrünə daxil olub:

“Biz artıq yalnız böhranların idarə edildiyi bir dövrdə deyil, bütün sistemin yenidən yazıldığı bir mərhələdəyik. Əsas problem qeyri-müəyyənlikdir. İqtisadi və siyasi qərarlar getdikcə daha çox fərziyyələr üzərində qurulur”.

Evren Balta qeyd edib ki, bu gün qlobal iqtisadiyyat əvvəlki dövrlərlə müqayisədə daha həssas və şoklara açıqdır:

“Kiçik şoklar belə artıq lokal deyil, qlobal təsir yaradır. Enerji qiymətlərindən tutmuş ərzaq bazarına qədər hər şey bir-birinə daha sıx bağlıdır".

Onun sözlərinə görə, dəyişikliklər bir neçə əsas istiqaməti əhatə edir: iqtisadi struktur, enerji keçidi, texnoloji transformasiya və demoqrafik balans.

Balta xüsusilə “Çin şoku”na diqqət çəkərək bildirib ki, qlobal istehsal strukturunda ciddi dəyişiklik baş verib: “Çin dünya istehsalının təxminən 35 faizini həyata keçirir. Bu, qlobal sənayesizləşmə və ticarət balansının yenidən formalaşması deməkdir”. O əlavə edib ki, enerji və texnologiya sahəsindəki transformasiya ölkələr arasında yeni rəqabət və gərginlik yaradır:

“Enerji keçidi və texnoloji dəyişikliklər qaliblər və uduzanlar formalaşdırır. Çin bu prosesdə ucuz enerji və istehsal gücü ilə önə çıxır, ABŞ və digər iqtisadiyyatlarla rəqabət aparır”.

Demoqrafik dəyişikliklərə toxunan Balta Afrikanın gələcək rolunu xüsusi vurğulayıb:

“2050-ci illərə doğru Afrika dünya gənc əhalisinin əsas mərkəzinə çevriləcək, Qərb isə yaşlanan əhali problemi ilə üzləşəcək. Bu isə miqrasiya və əmək bazarında böyük balanssızlıq yaradacaq”.

O həmçinin qeyd edib ki, qlobal güc balansında ABŞ-a olan etimad da zəifləyir:

“Son illərdə, xüsusilə son dövrdə ABŞ-ın dünya nizamını təmin etməsinə olan inam ciddi şəkildə azalıb”.

Ekspertin sözlərinə görə, müasir dövrdə coğrafiyanın əhəmiyyəti dəyişib:

“Ənənəvi olaraq coğrafiya taledir deyilirdi. Amma indi belə bir reallıq var: münasibətiniz dəyişərsə, taleyiniz də dəyişər. Coğrafiya artıq sabit deyil, strateji davranışla dəyişə bilən bir faktora çevrilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru