Şirkətlər böyük blogerlərdən üz döndərir?

13-08-2026, 16:34           
Şirkətlər böyük blogerlərdən üz döndərir?
Günümüzdə böyük izləyici kütləsi olan blogerlərin gücünə bir çox sahələrdə şahidi oluruq. Bunun nəticəsidir ki, şirkətlər də onların nüfuzundan, izləyici kütləsindən öz brendlərinin tanınmasında istifadə edirlər. Son zamanlar isə kiçik kütləyə xitab edən blogerlərin də şirkətlərin marağını çəkdiyini, onlarla əməkdaşlıq etdiklərini görürük. Hətta bildirilir ki, kiçik kütləsi olan blogerlərlə əməkdaşlıq edən şirkətlərin sayı artacaq, kiçik blogerlərin gücü böyük blogerlərdən üstün olacaq. Həqiqətən də növbəti illərdə kiçik izləyici kütləsi olan blogerlər daha üstün olacaq?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, böyük auditoriyaya malik influencerlərin kütləvi çatımlılıq yaradaraq brendlərin tanınmasında böyük rol oynadığı danılmazdır.

Lakin son illərdə marketinqdə keçid yaşanır:

“Brendlər artıq sadəcə "nə qədər çox insan gördü"yə yox, "nə qədər insan həqiqətən inandı və alışa keçdi"yə fokuslanırlar. Məhz burada mikro-influencerlərin orqanik gücü ön plana çıxır və onların gələcəkdə marketinq strategiyalarında ciddi rol alacağını bildirirlər”.

O, bildirib ki, mikro-influencerlərin ən böyük üstünlüyü onların izləyici kütləsi ilə qurduğu birbaşa və səmimi ünsiyyətdir:

“Böyük blogerlərin profilləri vaxt keçdikcə rəqəmsal reklam lövhəsinə çevrildiyi və reklam doyğunluğu yaratdığı halda, kiçik kütləyə xitab edənlər öz izləyiciləri üçün daha çox "tövsiyə verən yaxın dost" obrazını qoruyub saxlayırlar. İzləyicilər mikro-influencerin paylaşdığı məhsula kommersiya məqsədli reklam kimi deyil, şəxsi təcrübədən doğan səmimi məsləhət kimi baxırlar. Bu da auditoriyanın verilən mesaja olan güvənini və hərəkətəkeçmə ehtimalını dəfələrlə artırır”.

Ekspertin sözlərinə görə, hədəfləmə dəqiqliyi və büdcə effektivliyi baxımından da mikro-influencerlər sərfəli imkanlar yaradır. Onlar adətən konkret bir sahəyə - məsələn, yalnız müəyyən bir həyat tərzinə, xüsusi hobbilərə və ya peşə istiqamətinə köklənirlər. Bu isə brendlərə öz potensial müştərilərinə nöqtə atışı ilə çatmaq şansı verir:

“Bir böyük influencerə ayrılacaq büdcə ilə eyni anda bir neçə müxtəlif mikro-influencerlə əməkdaşlıq etmək həm riskləri bölüşdürür, həm də fərqli auditoriya seqmentlərində satışın reallaşma faizini artırır”.

Samir Mehdiyev qeyd edib ki, ancaq bu böyük blogerlərin tamamilə sıradan çıxacağı anlamına gəlməsin:

“Onlar geniş miqyasda brend tanınırlığı və çox böyük kütləyə çatmaq üçün lazımlıdırlar. Lakin uzunmüddətli müştəri loyallığı yaratmaq məsələsində mikro-influencerlərin rolu şübhəsiz ki, üstünlük təşkil edəcək. Marketinq dünyası artıq kəmiyyətə deyil, keyfiyyətə və səmimi münasibətlərə önəm verir ki, bu müstəvidə də mikro-influencerlər ən güclü strateji tərəfdaşa çevrilirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru