Şəki xanı Hacı Çələbi xanın 1754-cü ildə Osmanlı dövlətinə yazdığı məktub...
Bu gün, 09:54

"Azərbaycan tarixi arxiv sənədlərində" kitabının I cild. Bakı, 2010, 152-150-ci səhifələrində Şəki xanı Hacı Çələbi xanın 1754-cü ildə Osmanlı dövlətinin baş vəzirinə yazdığı məktubunun faksimilesi də verilmişdir.
150-ci səhifədəki düzbucaqlı möhür isə çox güman ki Hacı Çələbi xanın möhürüdür.
📜 Məktubun mətni ixtisarla belədir:
“...Nadir şah saysız — hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar törətmişdir. Buraya da ardı — arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin Allah bizə kömək oldu. ....Nadir şahın ölümündən sonra İranın müxtəlif yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı. .... Osmanlı dövləti hələ qədimdən bəri, ehtiyac olduqda, Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir... gürcü valiləri haqlı — haqsız varislik iddiasında olub, kafir ruslarla əlbir olaraq, 40 — 50 min əsgərlə Car—Tala camaatı üzərinə hücum etmişlər... Car və Tala camaatı ilə bizim mehriban qonşuluğumuz, həm də din və məzhəb eyniliyimiz var. Buna görə də biz onların imdadına getdik. .... Vuruşma bir saat yarım çəkdi. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı, kafirlər məğlub oldu”.
Məktubun sonunda Hacı Çələbi xan Osmanlı dövləti ilə olan münasibətlərindən bəhs edərkən sultana bir il öncə də məktub göndərdiyini vurğulayır. “... 5 hadisəni bilməniz və bundan şad olmanız üçün baş vermiş bu hadisəni şəxsinizə bildirdim. Osmanlı dövləti daima İslam dini uğrunda çoxlu işlər görüb. Keçən il də mən sizə məktub göndərmişdim. İndi də sizə şahənə hədiyyələr göndərirəm və sizə dərin təşəkkürümü bildirirəm...”.
Ş Aydınoğlu Vahabzadə

