TARİXDƏ İZ BURAXANLAR - Sultan III Murad xan
Bu gün, 10:04

Sultan III Murad xan Osmanlı sultanlarının on ikincisi, İslam xəlifələrinin isə yetmiş yeddincisidir. O, 4 iyul 1546-cı ildə Manisanın Bozdağ yaylağında anadan olmuşdur. Atası Sultan II Səlim xan, anası isə Nurbanu sultandır.
Şahzadə Murad xan 1558-ci ilə qədər Saruxanda (Manisa) yaşamışdır. Atası Saruxan sancaqbəyliyindən Karaman bəylərbəyliyinə təyin edildikdən sonra Şahzadə Murada Alaşəhər sancaqbəyliyi verilmişdir. 1566-cı ildə isə Manisa sancaqbəyliyinə təyin edilmiş və 1574-cü il dekabrın 22-də taxta çıxana qədər bu vəzifədə qalmışdır.
Sultan III Murad xanın hakimiyyəti
Osmanlı dövlətinin qüdrətinin zirvədə olduğu bir dövrdə hakimiyyətə gələn Sultan III Murad xan dünya siyasətində fəal rol oynamışdır. Onun hakimiyyəti dövründə Osmanlı dövləti ərazi baxımından ən geniş sərhədlərinə çatmışdır.
Aralıq dənizində mühüm dəniz gücü olan Venesiya ilə, eləcə də Avstriya ilə bağlanmış müqavilələr yenilənmişdir. Polşa ilə Osmanlı dövlətinin şimal siyasətini müəyyənləşdirən müqavilə 30 iyul 1577-ci ildə imzalanmışdır. Rus çarlığının yayılma siyasətinə qarşı Polşa ilə Krım xanlığı arasındakı münasibətlər də Osmanlı dövləti tərəfindən tənzimlənmişdir.
Səfəvilərlə müharibə və Azərbaycan
Sultan III Murad xan şiə ideologiyasının təmsilçisi olan Səfəvi dövlətinin Osmanlı ərazilərindəki fəaliyyətinə qarşı 1578-ci ildən etibarən tədbirlər görmüşdür. Əhalisinin böyük hissəsi sünni olan Şirvan və Dağıstan ərazilərini Səfəvi hücumlarından qorumaq və şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə yürüşlər başlanmışdır.
1578-ci il aprelin 5-də başlayan bu hərbi-siyasi proses 21 mart 1590-cı ildə imzalanan İstanbul müqaviləsi ilə başa çatmışdır.
Müqavilənin şərtlərinə əsasən:
Təbriz şəhəri və Təbriz bölgəsi, Qarabağ, Gəncə, Qars, Tiflis, Şəhrizur və Nihavənd Osmanlı hakimiyyətində qalmalı idi.
Səfəvilər Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Aişə haqqında təhqiramiz ifadələr işlətməməli və onlara qarşı təhqiramiz münasibətə yol verməməli idilər. İrandakı sünni müsəlmanlara qarşı pis münasibət göstərilməsi də şah tərəfindən qadağan edilməli idi.
Sultan III Murad xanın dövründə təxminən on iki il davam edən Şərq səfərləri nəticəsində Qafqazın və Azərbaycanın mühüm hissələri Osmanlı hakimiyyətinə keçmişdir. Osmanlı qüvvələri Səfəvilərə qarşı Orta Asiyadakı sünni özbək xanları ilə də əməkdaşlıq etmişdir.
Daxili üsyanlar
Sultan III Murad xanın dövründə ordunun əsas qüvvələrinin müxtəlif cəbhələrdə səfərdə olmasından istifadə edən bir sıra qruplar üsyanlar qaldırmışdılar. Dürzilər Liviyada, Zeydilər Yəməndə, xaricilər Trablusqərbdə, Şah İsmayıl Səfəvi tərəfdarları isə Qığıda üsyan etmişdilər. Bu üsyanların hamısı yatırılmış və həmin ərazilər yenidən Osmanlı hakimiyyətinə tabe edilmişdir.
Avropa siyasəti və Avstriya müharibəsi
Avropada Osmanlı dövlətinə tabe olan Erdel (Transilvaniya) bəyi Stefan Batori 1577-ci ildə Polşa kralı seçilmişdir. Bununla Polşa ilə Osmanlı dövləti arasında münasibətlər daha da möhkəmlənmiş, Rusiyanın qərbə doğru yayılmasının qarşısının alınmasına çalışılmışdır.
Avstriya ilə münasibətlər
1592-ci ildə sərhəd təcavüzləri səbəbindən yenidən pozulmuşdur. Avstriyanın illik 30 min dukat qızıl xəracı göndərməməsi də münaqişəni dərinləşdirmişdir. Bu səbəbdən vəzirəzəm Qoca Sinan paşa Avstriya səfərinə başçı təyin edilmişdir. 1592-ci ildə başlayan Osmanlı–Avstriya müharibəsi sonrakı illərdə də davam etmişdir.
Fas yürüşü və Şimali Afrika
Fas şərifləri ispanlara qarşı mübarizədə Osmanlı sultanından yardım istəmişdilər. Onlara yardım etmək məqsədilə Əlcəzair bəylərbəyi Ramazan paşa vəzifələndirilmişdir. Osmanlı qüvvələri ilə Fas şəriflərinin birlikdə apardığı mübarizə nəticəsində ispan və portuqal qüvvələri bölgədən sıxışdırılmışdır.
Xristian qüvvələrinin Fasdan uzaqlaşdırılması başda Papalıq olmaqla Cənub və Qərbi Avropa dövlətlərini hərəkətə gətirmişdir. Osmanlının tərəfdarı olan Fas şərifi Əbdülməlikə qarşı təşkil edilən yürüşə Papalıq, Fransa, Portuqaliya və İspaniya qatılmışdır.
4 avqust 1578-ci ildə Tanca yaxınlığındakı Vadiyüs-Seyl (əl-Qəsrül-Kəbir) döyüşündə xaçlı qüvvələri ağır məğlubiyyətə uğramışdır. Portuqaliya kralı öldürülmüş, ordusu isə darmadağın edilmişdir. Bundan sonra Fas Osmanlı hakimiyyətini tanımış və Şərif Əhməd Mənsur hakimiyyətə gətirilmişdir.
Sultan III Murad xanın hakimiyyəti dövründə Osmanlı dövlətinin Şimali Afrikadakı nüfuzu daha da genişlənmiş, Mərkəzi Afrikadakı Bornu da Osmanlı sultanının hakimiyyətini tanımışdır. Beləliklə, Osmanlı dövləti öz tarixinin ən geniş əraziyə malik olduğu dövrlərdən birini yaşamışdır.
Elm, mədəniyyət və memarlıq
Sultan III Murad xanın hakimiyyəti dövründə Osmanlı ölkəsində elm, mədəniyyət və sənətin inkişafına böyük diqqət yetirilmiş, çoxsaylı memarlıq abidələri və xeyriyyə müəssisələri inşa edilmişdir.
Bu dövrdə Kəbənin divarları mərmərlə üzlənmiş, Hərəmi-Şərifin su yolları təmizlənmişdir. Mədinədə mədrəsə, məktəb, zaviyə və digər böyük binalar tikdirilmişdir. Sultan III Murad xan Hərəmi-Şərifi əsaslı şəkildə təmir etdirmiş, qübbələrin bir qismini daşdan yenidən tikdirmişdir.
Şahzadəlik dövründə Manisada cami, mədrəsə və imarətlər inşa etdirən Sultan III Murad xan İstanbulda da müxtəlif tikililər ucaltdırmışdır.
Yaxşı təhsil görən və elmə böyük maraq göstərən Sultan III Murad xan alimlərə xüsusi hörmət bəsləmişdir. Nəqşibəndi şeyxi Hacı Əhməd Sadiq Qabilin təsiri ilə mənəvi kamilləşməyə çalışmışdır. Onun ədəbi irsində türkcə qəzəllərlə yanaşı, ərəb və fars dillərində yazılmış qəzəllər də vardır.
Vəfatı
Sultan III Murad xan 1595-ci ilin yanvarında İstanbulda vəfat etmişdir. O, Ayasofya camisinin yanında yerləşən atası Sultan II Səlim xanın türbəsində dəfn edilmişdir.
Ş Aydınoğlu Vahabzadə

