Səfəvilərin Osmanlıya qarşı Vatikanla ittifaqı
Bu gün, 07:14

I ŞAH ABBAS (1587-1629) islahatlarla yanaşı Avropa ölkələri ilə əlaqələri gücləndirmək üçün 1599-cu ildə Səfəvilər dövlətinin ərazisində xristianlığın azad fəaliyyəti haqqında fərman vermişdir. Şah Roma Papası VIII Klementsə məktub yazaraq öz nümayəndələrini İsfahana göndərməyi xahiş etmişdir. Papa VIII Klements bu işi karmelit ordeninin rahiblərinə həvalə etmişdir. İlk səfərdə rahiblər Pavel Simon, Con Tadues və Vinsent özlərini papanın elçiləri kimi göstərsələr də VIII Klements onlara ilk növbədə I Şah Abbası türklərə qarşı müharibəyə qızışdırmaq tapşırığını vermişdir. Bu tapşırığı ustalıqla yerinə yetirmiş rahiblər I Şah Abbasın etibarını qazanaraq hətta sonuncunun elçiləri sifətində Avropa ölkələrində xeyli fəaliyyət göstərmişdilər. Vatikanın arxivində saxlanılan məktubları və gündəliklərindən məlum olur ki, Avropa siyasətinin bələdçiləri kimi Karmelit rahibləri heç bir vəchlə Osmanlı dövləti ilə Səfəvilərin arasında sülhün bərpa olunmasını istəməmiş, əksinə papanın məxfi tapşırıqları ilə onları müharibəyə qızışdırırmışlar. I Şah Abbas öz sarayında Avropa elçisinə bu sözləri demişdir:
“Əgər mənim apardığım müharibələr olmasaydı türklər indi Romanı da tutmuşdular” Daha sonra o karmelitləri də hədələyərək:
“Əgər İspan Kralı III Flipp türklərə qarşı söz verdiyi hərbi əməliyyata başlamasa, karmelitləri sarayımdan rədd edəcəm” ifadəsini işlətmişdir.
(A Cronicle of Carmelites in Persia and the Papal Mission of the XVII and XVIII centuries. Vol.I-II. London, 1939)
Ş Aydınoğlu Vahabzadə

