"Universitet daxilində məqsədli şəkildə narazılıq yaratmağa çalışırlar..." - İTTİHAM VAR...
Bu gün, 16:07

"Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.
Yazının əvvəli burada: Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Müraciətdə daha sonra deyilir: "...Əhməd Məlikov və Elay Zeynallının universitet daxilində məqsədli şəkildə narazılıq yaratmağa çalışırlar. Onların Dövlət İmtahan Komissiyası sədrlərinin əmək haqqı ilə bağlı mövqeyi isə məsələnin mahiyyətini təhrif edən yanaşma kimi qiymətləndirilə bilər.
Dövlət İmtahan Komissiyası sədrləri müxtəlif ali təhsil müəssisələrindən dəvət olunan, yüksək elmi və peşəkar məsuliyyət daşıyan şəxslərdir. Onlar öz əsas iş yerlərindən ayrılaraq günlərlə vaxt ayırır, diplom işlərinin müdafiəsi prosesində iştirak edir, tələbələrin təqdimatlarını dinləyir, suallar verir, müzakirələr aparır və obyektiv qiymətləndirmə həyata keçirirlər. Bu, sadəcə bir formal prosedur deyil, ciddi hazırlıq, vaxt və məsuliyyət tələb edən elmi fəaliyyətdir.
“Diplomlar onlayn verilir” arqumenti isə məsələnin mahiyyətindən yayınmaqdır. Diplomun elektron formada təqdim olunması müdafiə prosesinin, komissiya fəaliyyətinin və həmin şəxslərin çəkdiyi zəhmətin aradan qalxması demək deyil. Əsas məsələ tələbənin illərlə qazandığı biliyin, hazırladığı diplom işinin və layihəsinin peşəkar şəxslər tərəfindən qiymətləndirilməsidir.
Əgər Dövlət İmtahan Komissiyası sədrlərinin gördüyü bu işə görə nəzərdə tutulan ödənişlər verilməsə, gələcək illərdə həmin şəxslərin bu prosesdə iştirak etməsi ciddi sual altına düşə bilər. Çünki onlar heç kimin qarşısında borclu deyil və gördükləri işin qarşılığını almaq haqqına sahibdirlər. Onları kənardan gələn, günlərlə vaxtını sərf edən, böyük məsuliyyət daşıyan insanlar kimi deyil, sanki heç bir dəyəri olmayan əmək qüvvəsi kimi təqdim etmək düzgün yanaşma deyil. Onlar hambal deyillər ki, öz vaxtlarını, bilik və təcrübələrini qarşılıqsız sərf etsinlər. Elmi qiymətləndirmə aparan, gələcək mütəxəssislərin hazırlanmasında məsuliyyət daşıyan şəxslərin əməyinə hörmət edilməlidir.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, Əhməd Məlikiov və Elay Zeynallı məsələni obyektiv izah etmək əvəzinə, “bu pulları Zəfər Qurbanov vermir” kimi ifadələrlə narazılığı konkret şəxsin üzərinə yönəltməyə çalışırlar. Bu cür yanaşma problemin həllinə deyil, universitet daxilində süni gərginlik yaradılmasına xidmət edir.
Universitet elm və təhsil ocağıdır. Burada qərarlar şəxsi münasibətlərə, ambisiyalara və süni narazılıqlara deyil, ədalətə, qanunçuluğa və görülən əməyə verilən dəyərə əsaslanmalıdır. Əməyi görməzdən gəlmək deyil, ona layiqli qiymət vermək təhsil mühitinin sağlam inkişafının əsas şərtidir.
Cənab Prezident.
Universitet məhv olub gedir. Xahiş edirik, bu səriştəsiz, baytarlıqdan, aqrar sahədən bixəbər, təhsildən başı çıxmayan mütəxəssislərdən Azərbaycan Dövlət Aqrar Universitetin canını qurtarın..."

