1937-ci il hadisələrində isə "əvəzsiz" xidmət göstərən Ağasəlim Atakişiyev...

Bu gün, 16:14           
1937-ci il hadisələrində isə "əvəzsiz" xidmət göstərən Ağasəlim Atakişiyev...
Ağasəlim Atakişiyev sonralar müharibədə iştirak etdi, general oldu, 50-53-cü illərdə SSRİ Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışdı. 1937-ci il hadisələrində isə "əvəzsiz" xidmət göstərən şəxslərdən biri idi.
İcraçı deyildi, işgəncələri şəxsən təşkil edirdi. İdeya verirdi, alçaldırdı, hər şeyi "səliqə" ilə rəsmiləşdirirdi. Əhməd Cavadın, Mikayıl Müşfiqin, Əhməd Rəcəblinin, İsmixan Rəhimovun və başqa onlarla ziyalının çəkdiyi əzabların mühəndisi o idi.
Bu, onun Mircəfər Bağırova yazdığı məktubdur: "Məhbus Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (M.Müşfiq) kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında sizi və dövləti söyür. Yaxşı olardı ki, İsmayılzadəni təhlükəli məhbus hesab edərək, Baş Kəşfiyyat İdarəsinin xüsusi Şöbəsinin Sərəncamına verək”.
Onu Mircəfər Bağırov yetişdirmişdi. İstintaqda isə Bağırova qarşı ifadə verən ilk şəxs məhz Atakişiyev oldu. Əhməd Cavadı ilk dindirmədə o qədər döymüşdü ki, şair huşunu itirmişdi. Əhməd Cavadın taleyi ilə bağlı ən dəqiq məlumatı istintaqda o deyib:
"Güllələnməyə çatmadı. İşgəncə vaxtı öldü".
1956-cı ildə ona 25 il iş kəsdilər. Amma cəmi 13 il cəza çəkdi. Niyə? Çünki onun azad olunmasında Ziya Bünyadov şəxsən maraqlı idi. Müraciət yazmışdı, xahiş etmişdi ki, Atakişiyev azadlığa buraxılsın.
Qəribədir...Bunun çox adi, həm də çox böyük səbəbi var idi. 60-cı illərin sonunda heç 50 yaşı tamam olmayan Ziya Bünyadov arxivlərə girə bilmirdi. Çox şeylər qaranlıq idi. Bunun üçün şəxsən Atakişiyevi danışdırmaq lazım idi. Ağasəlim Atakişiyev Bakıya qayıdan kimi azadlığının təşəbbüskarı Ziya Bünyadova təşəkkür borcu olaraq misilsiz etiraflar edir, hadisələr danışır.
Beləcə, sonralar Ziya Bünyadov tayı-bərabəri olmayan "Qırmızı terror" kitabını yazır...
İşgəncə dirijorunun taleyi ilə bağlı ən dramatik hadisələrdən biri öz ailəsində yaşandı. Vaxtilə repressiya etdiyi Əhməd Rəcəblinin qızı Xalidə ilə Atakişiyevin oğlu Tofiq bir-birini sevirdilər. Ataları düşmən olsa da, olar gizlincə ailə qurdu.
Atakişiyev həbsdən qayıdanda repressiya elədiyi adamın qızını öz evində gəlin gördü...
Cavid Zeynallı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru