Ən qəzəbli qadınlar hansı ölkədə yaşayırlar?
Dünən, 17:45

Böyük Britaniyada yaşayan qadınlar qəzəb hissinin yaranma tezliyinə görə Avropada birinci yerdədirlər.
Bu barədə məlumat "The Independent" nəşrinin "Hologic" Qlobal Qadın Sağlamlığı İndeksinə istinadən yayımlanıb. Sosioloqlar layihə çərçivəsində 76 mindən çox iştirakçının psixoloji rifahını və sağlamlıq göstəricilərini təhlil ediblər.
2024-cü ilin tədqiqatları göstərir ki, Böyük Britaniyada qadınların təxminən 25%-i anket sorğusundan bir gün əvvəl qəzəb hissi keçirib. Bu rəqəm 13% olan orta Avropa göstəricisindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bununla yanaşı, digər Avropa ölkələrində vəziyyət sabit qaldığı halda, Böyük Britaniyada il ərzində sözügedən göstəricidə 47%-lik kəskin artım müşahidə olunub.
Ekspertlər bu aqressiyanın artmasını səhiyyə sistemindəki böhranla əlaqələndirirlər. Qadın sağlamlığı üzrə qlobal reytinqdə Birləşmiş Krallıq 142 ölkə arasında 48-ci pilləyə düşərək tarixi minimumunu yeniləyib.
Tədqiqatçılar britaniyalı qadınların əsas tibbi problemləri arasında daimi fiziki ağrıları (rəyi soruşulanların üçdə biri) xüsusi qeyd edirlər. İştirakçıların 40%-i tibbi yardım almaqda çətinlik çəkdiyi üçün narahatlıq keçirir, 70%-i isə son beş il ərzində tibb xidmətlərinin keyfiyyəti ilə bağlı problemlərlə üzləşdiyini bildirib.

