İkiqat Olimpiya çempionu qızı tərəfindən məişət zorakılığında ittiham olundu
Bu gün, 17:38
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu, rusiyalı Oksana Qrişukun qızı Skayler Mari Qreys Qrişuk anası tərəfindən məişət zorakılığına məruz qaldığını bildirib.
Bu barədə qız sosial şəbəkə hesabında paylaşım edib.
Skaylerin sözlərinə görə, o, uzun illər ərzində məşhur idmançı tərəfindən fiziki və emosional zorakılığa məruz qalıb.
"Heç vaxt belə şəxsi məsələni paylaşmalı olacağımı düşünməzdim, çünki bunu uzun illər sirr olaraq saxlamışdım. Amma nəhayət, anamla bağlı məişət zorakılığı barədə polisə ərizə verdim. Fiziki və emosional zorakılıq faktlarından, eləcə də psixoloji travmadan sonra bu addımı atdım", - deyə o yazıb.
O, göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib və bunun çox çətin qərar olduğunu qeyd edib.
Skayler 2002-ci ildə ABŞ-da doğulub və anası onu tək böyüdüb. Oksana Qrişuk fiqurlu konkisürmənin buz üzərində rəqs növü üzrə Yevgeni Platovla duetdə iki dəfə Olimpiya çempionu, dörd dəfə dünya və üç dəfə Avropa çempionu olub.