Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq

Bu gün, 12:48           
Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq
Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir. İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm amildir. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələrini verib. Dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü də çatdırmışdı.
Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistikaya baxsaq, görərik ki, Almaniya Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir.
Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Fridrix Merts ilə görüşlər keçirib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.
Prezident İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı dövlətimizin başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın real miqyasını göstərir.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru