Hansı məşhur rəssamımızın babası Azərbaycanda "diktator" olub?

Bu gün, 15:04           
Hansı məşhur rəssamımızın babası Azərbaycanda "diktator" olub?
- O bir müddət hətta Bakının qubernatoru olmuşdu
AXC mövcudluğunun sonuna kimi ərazi bütövlüyünü təmin edə bilməmişdi. Nəzarət altına alınması mümkün olmayan yerlərdən biri Naxçıvan idi. Ermənistanla sərhədlərin uzunluğu, Zəngəzurda daşnak silahlılarının çoxluğu, həmçinin digər siyasi məsələlər Naxçıvanın AXC ilə tam birləşməsinə imkan verməmiş di.
Bu səbəbdən Naxçıvan bölgəsini və ətraf əraziləri erməni daşnaklarının işğalından qorumaq üçün Araz-Türk Cümhuriyyəti yaradılmışdı. Həmin dövlət 1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərib. Araz-Türk Cümhuriyyəti Naxçıvan, Şərur-Dərələyəz, Ordubad, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri ərazilərini əhatə edib.
Araz-Türk Cümhuriyyətinin AXC ilə sıx əlaqələri vardı. Onun nümayəndələri Bakıya gəlir, AXC rəhbərləri ilə fikir mübadiləsi aparırdılar. Maraqlıdır ki, Naxçıvanda yaradılmış dövlət qurumunun nümayəndəsi olaraq Bakıya gələnlər arasında görkəmli şair və dramaturq Hüseyn Cavid də vardı.
Araz-Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri isə Əmir bəy Nərimanbəyov idi. Bu dövlətin Quruluş Bəyannaməsində onun vəzifəsinin adı "əvvəlinci diktator" kimi göstərilib. Bəzi mənbələr isə onun postunu "hərbi diktator" adlandırır.
Əmir bəy Nərimanbəyov Şuşada doğulmuş, Xarkovda hüquq təhsili almış, Naxçıvanda vəzifəyə gəlmişdi. Araz-Türk Cümhuriyyəti dağılanda isə AXC onu Bakıya dəvət etmişdi. Əmir bəy əvvəlcə Dövlət Müdafiə Komitəsinin işlər idarəsinin rəisi olmuşdu. 1919-cu il avqustun 25-də Naxçıvanın keçmiş diktatoru Bakının qubernatoru təyin edilmişdi.
Bundan cəmi bir həftə sonra isə Əmir bəyin oğlu Yaqub Nərimanbəyov AXC hökumətinin xaricdə oxumağa göndərəcəyi tələbələrin siyahısına salındı. Parisdə təhsil aldığı müddətdə o, fransız xanımla ailə qurmuşdu. Məhz bu nikahdan Vidadi və Toğrul adında uşaqlar dünyaya gəlib. Yəqin ki, anladınız: söhbət Azərbaycanın xalq rəssamlarından gedir.
Toğrul Nərimanbəyov əsərləri ən baha qiymətə satılan azərbaycanlı rəssamlardan sayılır.
Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru