Epşteynin yüz milyonlarla dollarlıq sərvətinin potensial varisi: Karina Şulyak kimdir?

Bu gün, 12:29           
Epşteynin yüz milyonlarla dollarlıq sərvətinin potensial varisi:
Amerikalı maliyyəçi Ceffri Epşteynin aktivlərinin potensial varisinin Belarus əsilli Karina Şulyak olduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Şulyak 2019-cu ildə həbsxanada vəfat etməzdən əvvəl Epşteynin telefonla əlaqə saxladığı son şəxs olub. Bildirilir ki, o, təxminən 100 milyon ABŞ dolları məbləğində miras əldə edə bilər.

Məlumata əsasən, Şulyak uzun müddət Epşteynlə əlaqədə olsa da, ona qarşı heç vaxt cinayət işi açılmayıb və o, özünü Epşteynin qurbanı kimi təqdim etməyib. Onlar tanış olduqları vaxt Şulyakın 21 yaşı olub və qadın həmin vaxt stomatoloq işləyirdi.

İddia edilir ki, Epşteyn Şulyaka stomatologiya məktəbinə qəbul olunmağa və ABŞ vətəndaşlığı almağa kömək edib. Nəşrin məlumatına görə, maliyyəçi həmin dövrdə "yaşıl kart" əldə etməyin ən sürətli yolunun eynicinsli nikah olduğunu hesab edirdi.

ABŞ Konqresinin araşdırması zamanı Epşteyn immiqrasiya sistemindən sui-istifadədə ittiham olunub. Şulyakın ABŞ vətəndaşı olan bir qadınla nikahı da potensial olaraq formal xarakterli qiymətləndirilib. Bununla belə, ABŞ hakimiyyəti onun vətəndaşlıq alması proseduruna etiraz etməyib.

Şulyakın rəfiqəsinin sözlərinə görə, Epşteyn əvvəlcə onu növbəti qurbanlarından biri kimi görürdü, lakin sonradan münasibətləri fərqli istiqamətdə inkişaf edib. Tanışlıqdan bir neçə həftə sonra Şulyak Epşteyni "möhtəşəm insan” adlandırıb və ondan maddi yardım qəbul etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Epşteyn onun və rəfiqəsinin musiqili tamaşalara biletlərini, restoran xərclərini və helikopter gəzintisini maliyyələşdirib.

Məqalədə qeyd olunur ki, Epşteyn ölümündən az əvvəl vəsiyyətinə dəyişiklik edərək təxminən 600 milyon ABŞ dolları dəyərində qiymətləndirilən sərvətinin böyük hissəsini Şulyaka vəsiyyət edib.

Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkun Manhetten rayonundakı evinə və şəxsi adasına çoxsaylı azyaşlı qızların gətirilməsini təşkil etməkdə ittiham olunurdu. İstintaqın məlumatına görə, həmin şəxslər arasında ən kiçiyinin 14 yaşı olub.

2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru