Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 00:08
Zabrat qəsəbəsinin 74 yaşlı sakini Cahan xanım AzTimes.az saytına müraciət edərək bildirir ki, o, azyaşlı sakinlərlə birlikdə uzun müddət zibillik vəziyyətində olan bir ərazini öz təşəbbüsü ilə təmizləyərək yaşıllıq salıb. Onun sözlərinə görə, həmin ərazi abadlaşdırılıb, ağaclar əkilib və Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Heydər Parkı” adlandırılıb.
Lakin Cahan xanım iddia edir ki, son vaxtlar ərazinin icra nümayəndəliyi və bələdiyyə əməkdaşları tərəfindən park məhv edilir, əkilmiş ağaclara ziyan vurulur, hətta bəzi ağaclar yandırılır.
Cahan xanım Sizdən xahiş edir ki, məsələ araşdırılsın, iddialara hüquqi qiymət verilsin, parkın və yaşıllığın qorunması üçün təxirəsalınmaz tədbirlər görülsün. Əgər qeyd olunan faktlar təsdiqini taparsa, təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilsin.
Ümid edirik ki, vətəndaşın müraciəti diqqətlə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.