Böyük Britaniyada tarixi tapıntı - FOTO
Bu gün, 12:09

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.
Oxu.Az "Heritage Daily" nəşrinə istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
Bir vaxtlar landşaftı pozmadan mal-qara saxlamaq üçün istifadə edilmiş dərin xəndəkdə bərpa işləri zamanı mütəxəssislər yeraltı kərpic tunelin girişinə rast gəliblər. Yeraltı keçidlə yanaşı, bir sıra tarixi əşyalar - keramika parçaları, müxtəlif qablar, şüşə butulkalar və heyvan sümükləri də aşkar olunub. Arxeoloqlar ilkin tədqiqatlara əsasən, tapıntıların məhz Tüdor dövrünə aid olduğunu bildirirlər.




Tapıntı hazırda keçmiş Bolye sarayının ərazisində yerləşən "Nyu-Holl" məktəbinin şagird və müəllim heyətinin də diqqətini cəlb edib. Tarix fənni ilə maraqlananlar bu sirli yeraltı tikililəri olduqca maraqlı hesab edirlər.
Tunellərin dəqiq təyinatı hələlik məlum deyil. Tarixçilər onların məişət tikililərinə gedən xidmət keçidləri, saray kompleksinin infrastrukturunun bir hissəsi və ya anbar kimi istifadə olunduğu ehtimalını nəzərdən keçirirlər. Mədəni irsin qorunması üzrə mütəxəssislər əlavə araşdırmalar üçün əraziyə cəlb olunublar və işlər qarşıdakı aylarda da davam edəcək.

