Son illər Türkiyəyə qarşı sərt çıxışları ilə tanınan amerikalı analitik Michael Rubin bu dəfə daha da irəli gedib.
Bu gün, 11:16

2026-cı il aprelin 16-da yayımlanan “Destroy the F-16s: Israel Could Launch a Preemptive Attack on Turkey” (“F-16-ları məhv edin: İsrail Türkiyəyə preventiv hücum edə bilər”) adlı məqaləsində Rubin artıq sadəcə Türkiyəni tənqid etmir. O, İsrailin Türkiyəyə qarşı preventiv hərbi zərbə endirməsi ssenarisini müzakirə edir.
Elə buradaca qeyd edək ki, cənab Rubin uzun müddət anti-erməni təbliğatı aprıb. Türkiyə və Azərbaycanı açıq şəkildə tərfləməklə məşğul olub. Sonra Amerika erməni lobbisinin təsiri ilə öz mövqeyini 180 dərəcə dəyişib. Xeyli müddətdir ki, anti-Türkiyə, anti-Azərbaycan mövqeyində sabit qərar tutub...
Məqalənin adı özü hər şeyi deyir.
“F-16-ları məhv edin”.
Bu artıq siyasi təhlil dili deyil.
Bu, hərbi planlaşdırma dilidir.
Rubin yazısında 1967-ci ildə İsrailin Misirə qarşı həyata keçirdiyi preventiv hücuma istinad edir və sual verir:
“İsrail Türkiyə ilə də eyni şeyi edə bilərmi?”
Müəllifin cavabı da faktiki olaraq bəllidir.
O, Türkiyənin hava qüvvələrinin, hərbi bazalarının və müdafiə sənayesinin İsrail tərəfindən hədəfə alına biləcəyini yazır. Məqalədə Türkiyənin F-16-ları, hava bazaları, hərbi-dəniz infrastrukturu və müdafiə sənayesi obyektləri potensial hədəf kimi təqdim olunur.
Daha da diqqətçəkən məqam budur ki, söhbət abstrakt hərbi obyektlərdən getmir.
Məqalədə Türkiyənin ən mühüm müdafiə şirkətləri olan Baykar və TUSAŞ kimi müəssisələrin adı çəkilir.
Burada əsas məsələ Rubin-in Türkiyəni sevməsi və ya sevməməsi deyil.
Əsas məsələ budur ki, NATO üzvü olan bir dövlətə qarşı hərbi hücumun legitim müzakirə predmetinə çevrilməsidir.
Bu, çox təhlükəli tendensiyadır.
Çünki dünənə qədər eyni məntiq İran üçün qurulurdu.
Bu gün həmin məntiq Türkiyə üçün qurulur.
Sabah başqa bir dövlət üçün qurula bilər.
Rubin-in bu mövqeyi təsadüfi deyil.
O, 2025-ci ildə yazdığı başqa bir məqalədə Türkiyənin İsrail üçün İran qədər, hətta bəzi hallarda İrandan da böyük təhlükə yaratdığını iddia edirdi. Həmin yazıda Türkiyə “isti müharibə aparan güc”, “İsrail üçün strateji təhdid” kimi təqdim olunurdu.
Yəni xətt aydındır.
Əvvəlcə təhlükə obrazı yaradılır.
Sonra bu təhlükəyə qarşı fövqəladə tədbirlər əsaslandırılır.
Nəhayət, preventiv zərbə ideyası gündəmə gətirilir.
Ən maraqlısı isə budur ki, Rubin bütün bunları “nəzəri ssenari” kimi təqdim edir.
Ancaq tarix göstərir ki, müharibələr çox vaxt məhz nəzəri ssenarilərlə başlayır.
İraq müharibəsindən əvvəl də ictimai rəy belə hazırlanırdı.
Əvvəl təhlükə təsviri yaradılırdı.
Sonra həmin təhlükənin qarşısını almağın vacibliyi izah edilirdi.
Daha sonra isə hərbi əməliyyatlar başlayırdı.
Rubin-in məqaləsində diqqəti çəkən başqa bir məqam da Türkiyə ilə Misirin müqayisəsidir.
1967-ci ilin Misiri ilə 2026-cı ilin Türkiyəsini müqayisə etmək ciddi analitik problemlər yaradır.
Misir NATO üzvü deyildi.
Misir regionun ən böyük iqtisadiyyatlarından biri deyildi.
Misir Qərb müdafiə sisteminin bir hissəsi deyildi.
Türkiyə isə NATO-nun ikinci ən böyük ordusuna malik ölkələrindən biridir.
Bu iki ölkəni eyni tarixi şablona yerləşdirmək analitikadan daha çox siyasi mesaj təsiri bağışlayır.
Əsl sual budur:
Əgər sabah hansısa rusiyalı və ya iranlı analitik İsrailin hava bazalarının, müdafiə zavodlarının və hərbi infrastrukturunun vurulmasını “nəzəri ssenari” kimi təqdim etsəydi, Qərb bunu akademik müzakirə hesab edəcəkdi?
Çətin.
Çox güman ki, bunu açıq təhdid kimi qiymətləndirəcəkdi.
Məhz buna görə məsələ Rubin-in şəxsi fikrindən daha böyükdür.
Məsələ müəyyən dairələrdə Türkiyəyə qarşı hərbi qarşıdurma ideyasının getdikcə daha açıq şəkildə müzakirə olunmasıdır.
Bu isə təkcə Türkiyə üçün deyil, bütün region üçün təhlükəli tendensiyadır.
Çünki müharibələr çox vaxt tanklarla deyil, ideyalarla başlayır.
Və bəzən bir məqalə gələcəkdə atılacaq güllədən daha təhlükəli ola bilir.
Elbəyi Həsənli. Sürix

