Rusiyada həkimlər gənc qadının bədənindən avtomobil təkəri boyda nəhəng şiş çıxardılar - FOTO

Bu gün, 12:38           
Rusiyada həkimlər gənc qadının bədənindən avtomobil təkəri boyda nəhəng şiş çıxardılar - FOTO
Rusiyanın Çelyabinsk şəhərində həkimlər uğurlu əməliyyat keçirərək 35 yaşlı qadının bədənindən təxminən 8 kiloqram ağırlığında şiş çıxarıblar.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şiş qadında təsadüfən aşkarlanıb. Xəstə heç bir ağrı hiss etmirmiş və heç bir şikayəti yox imiş. Müayinəyə səbəb doğuşdan sonra qarın ölçüsünün kiçilməməsi olub ki, bu da həkimlərin şübhəsini doğurub. Ultrasəs müayinəsi (USM) və kompüter tomoqrafiyası (KT) qarın boşluğunda nəhəng bir şiş olduğunu təsdiqləyib.

Çelyabinsk Regional Onkoloji Klinik və Nüvə Təbabəti Mərkəzində həyata keçirilən əməliyyat zamanı qarın boşluğundan 40 santimetrlik törəmə çıxarılıb. Xəstə üzərində kombinə edilmiş ağır cərrahi müdaxilə aparılıb: sağ böyrək və şiş çıxarılıb, həmçinin diafraqma rezeksiya olunub.

Cərrahi yardım üzrə baş həkimin müavini İvan Qavrişkin qeyd edib ki, bir çox şişlər erkən mərhələdə ağrıya səbəb olmadığı üçün gec aşkarlanır: "Ağrı sindromu adətən şiş qonşu orqanlara və toxumalara yayıldıqda ortaya çıxır".

Histoloji müayinə nəticəsində törəmənin liposarkoma - yağ toxumasının bədxassəli şişi olduğu müəyyən edilib. Həkimlər şişi tamamilə çıxarmağa nail olublar və hazırda xəstənin vəziyyəti stabildir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru