"Nvidia" Çin Al modellərinə rəqib yaradır - 6 milyardlıq anlaşma
Bu gün, 15:44

Amerikanın texnologiya nəhəngi "Nvidia" süni intellekt üzrə startap "Poolside" ilə 6 milyard dollar dəyərində anlaşma imzalayıb. Məqsəd Çin süni intellekt (Al) nəhəngləri "DeepSeek" və "Kimi K3" ilə rəqabət apara biləcək güclü süni intellekt modeli hazırlamaqdır.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, 6 milyard dollar qarşılığında "Nvidia" "Poolside" şirkətinin texnologiyalarına çıxış əldə edəcək və onun mühəndislərinin əksəriyyətini işə götürmək imkanı qazanacaq.
Startapın təsisçiləri artıq səhmdarları şirkətdə genişmiqyaslı yenidən təşkilatlanma aparılacağı barədə məlumatlandırıblar. Onlar bildiriblər ki, "Nvidia" ilə anlaşmanın məqsədi gələcəkdə süni intellektin məhdud sayda şəxsin nəzarətində olan qapalı texnologiyaya çevrilməsinin qarşısını almaqdır.
Bundan əvvəl "Bloomberg" Çinin süni intellekt sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaltdığını yazmışdı. ABŞ-ın qabaqcıl süni intellekt çiplərinin Çinə tədarükünə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Çin modelləri daha aşağı inkişaf xərcləri ilə imkanlarına görə artıq Amerika modellərinə yaxınlaşır.
Nümunə kimi Çinin "Moonshot" şirkətinin hazırladığı "Kimi K3" modeli göstərilib. Bildirilir ki, bu model effektivlik baxımından "Anthropic" şirkətinin flaqman modelinə demək olar ki, çatıb, halbuki "Moonshot" onun hazırlanmasına əhəmiyyətli dərəcədə daha az vəsait xərcləyib.

