"Şah İsmayılın atının nalı dəyən bütün torpaqları geri qaytarmayınca barışığa getməyəcəyəm!"

Bu gün, 12:24           
"Şah İsmayılın atının nalı dəyən bütün torpaqları geri qaytarmayınca barışığa getməyəcəyəm!"
1603-cü ildə başlamış hərbi əməliyyatlar gedişində əvvəlcə Təbrizdəki Osmanlı qarnizonu təslim oldu (21 oktyabr), bunun ardınca Naxçıvan, Culfa, Ordubad və Qars geri qaytarıldı. 1604-cü ilin mayında altı aylıq mühasirədən sonra İrəvan qalası Osmanlılardan təmizləndi. Gürcüstan feodalları Osmanlı qüvvələrini qovub Səfəvilər dövlətinin himayəsini qəbul etdiklərini bildirdilər. I Şah Abbas nüfuzlu qızılbaş sərkərdələrindən Əmirgünə xan Ağcaqoyunlu-Qacarı Çuxursədə, Maqsud sultan Kəngərlü-Ustaclunu isə Naxçıvana hakim təyin etdi.
Növbəti ildə Səfəvi torpaqlarının Osmanlı işğalından azad olunması prosesi davam etdirildi. Təcrübəli Osmanlı sərkərdəsi Sinan paşa böyük qoşunla Səfəvi torpaqlarına soxulsa da, “yandırılmış torpaq” taktikası ilə üzləşdi. Qızılbaşlar Osmanlı ordusunun yolu üzərindəki bütün əkin sahələrini yandırmaqla, mal-qaranı sürüb aparmaqla, əhalini təhlükəsiz əraziyə köçürməklə düşməni yorub əldən salmağı və psixoloji basqı altına almağı bacardılar. 1605-ci il noyabrın 5-də Təbriz ətrafındakı Sufiyan məntəqəsində baş vermiş həlledici savaşda 60 min nəfərlik qızılbaş qoşunu sayı 100 mini aşan düşmən üzərində parlaq qələbə qazandı. Osmanlıların bütün artilleriyası qənimət kimi ələ keçirildi, xeyli Osmanlı döyüşçüsü həlak oldu, Sinan paşanın ürəyi partlayıb öldü.
Osmanlı sultanı I Əhməd dərhal sülh bağlamaq üçün yollar axtarmağa başladı, bu məqsədlə hətta İstanbulda əsir olaraq saxlanılan gürcü kraliçəsi Gülsarəni I Şah Abbasın bibisi Zeynəb xanıma məktub yazmağa məcbur etdi. Lakin Səfəvi hökmdarı cavab verdi ki, Şah İsmayılın atının nalı dəyən bütün torpaqları geri qaytarmayınca barışığa getməyəcək.
1606-cı ildə uzun sürən mühasirədən sonra Gəncə şəhəri, ardınca Tiflis Səfəvilərə tabe oldu. Həmin ilin qışında isə Şirvan torpaqları artıq qızılbaşların əlində idi, Şamaxı qalası top atəşləri altında təslim olmuş, Dərbənd və Bakıdakı Osmanlı qarnizonu əhali tərəfindən qovulmuşdu...
Mənbə: "Qızılbaş Ensiklopediyası", 1-ci cild, səh. 88.
Natiq Rəhimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]