Şirkətlər süni intellektə milyardlar yatırır: Əsas problem işçilər ola bilər
Bu gün, 16:24

Süni intellekt şirkətlərdə məhsuldarlığı artırsa da, iş yükünün və əməkdaşların bacarıqlarının düzgün idarə olunmaması yeni problemlər yarada bilər.
“McKinsey”in məlumatına görə, təşkilatların 79%-i generativ süni intellektdən istifadə edir. Buna baxmayaraq, onların yalnız 39%-i texnologiyanın əməliyyat mənfəətinə təsir etdiyini bildirir. Təşkilatların üçdə birindən bir qədər çoxu isə süni intellekt layihələrini pilot mərhələdən kənara çıxara bilib.
Bu vəziyyət göstərir ki, süni intellektin inkişaf tempi ilə biznes nəticələri arasında fərq yaranır. Əsas problem texnologiyanın imkanları deyil, ondan istifadə edən insanların buna nə qədər hazır olması ola bilər.
Süni intellekt iş yükünü artıra bilər
Süni intellektin əsas üstünlüklərindən biri təkrarlanan və aşağı dəyərli işləri avtomatlaşdırmaqdır. Bu halda əməkdaşların daha mürəkkəb və yüksək dəyər yaradan tapşırıqlara vaxt ayırması gözlənilir.
Lakin qənaət edilən vaxtın avtomatik olaraq əlavə işlə doldurulması başqa nəticə yarada bilər.
Məsələn, müştəri xidmətlərində süni intellekt sadə sualları cavablandıra bilər. Əməkdaş isə daha mürəkkəb və narazı müştərilərlə işləməyə başlayar. Əgər süni intellektin qazandırdığı hər dəqiqə yeni mürəkkəb müraciətlərlə doldurularsa, məhsuldarlıq artsa da, işin intensivliyi də yüksələr.
Eyni vəziyyət satış sahəsində də mümkündür. Süni intellekt müştəri araşdırması, elektron məktubların hazırlanması və CRM sisteminin yenilənməsi kimi işləri avtomatlaşdıra bilər. Nəticədə satış əməkdaşının əsas fəaliyyət üçün daha çox vaxtı yaranır. Lakin bu vaxtın hamısı yeni tapşırıqlara yönəldilərsə, iş günü daha da intensivləşə bilər.
Bu səbəbdən şirkətlər üçün əsas sual süni intellektin nə qədər iş gördüyü deyil, onun əməkdaşların işini necə dəyişdirdiyi olmalıdır.
Əsas resurs insan beynidir
Süni intellekt dövründə şirkətlər üçün mühakimə yürütmək, tənqidi düşünmək, diqqəti cəmləmək, uyğunlaşmaq və stressə davamlı olmaq kimi bacarıqlar daha da vacib olur.
Lakin əməkdaşlara ardıcıl olaraq yeni alətlər, proqramlar və bildiriş sistemləri təqdim edilir, əvvəlki işlərin isə hamısı aradan qaldırılmır. Nəticədə şirkət daha sürətli texnologiyanı onsuz da yüklənmiş iş prosesinin üzərinə əlavə edə bilər
Bu isə məhsuldarlıq göstəricilərində müsbət nəticə yaratsa da, əməkdaşlar üçün daha dayanıqsız iş mühiti formalaşdıra bilər.
Gənc əməkdaşların təcrübəsi itə bilər
Digər problem əməkdaşların peşəkar inkişafı ilə bağlıdır.
İnsanlar mürəkkəb tapşırıqları yerinə yetirdikcə qərarvermə və problem həll etmə bacarıqları formalaşdırırlar. Xüsusilə karyerasının başlanğıcında olan əməkdaşlar üçün bu proses vacibdir.
Süni intellekt əvvəllər bir neçə saat tələb edən işi bir neçə dəqiqəyə yerinə yetirə bilər. Bu, məhsuldarlıq baxımından üstünlükdür. Lakin həmin saatlar əməkdaşın məlumatları təhlil etməsinə, səhvləri görməsinə və qərarvermə bacarığı qazanmasına da xidmət edirdi.
Əgər bütün bu proseslər avtomatlaşdırılarsa, gələcəkdə süni intellektin hazırladığı nəticələri qiymətləndirə biləcək təcrübəli əməkdaşların yetişdirilməsi çətinləşə bilər.
Bu səbəbdən şirkətlər hansı işlərin AI tərəfindən görüləcəyini, hansı bacarıqların əməkdaşlar tərəfindən inkişaf etdirilməli olduğunu və insan nəzarətinin harada vacib qaldığını əvvəlcədən müəyyənləşdirməlidirlər.
Şirkətlər iş modelini dəyişməlidir
Süni intellektin tətbiqi yalnız mövcud iş proseslərinə yeni texnologiyanın əlavə edilməsi ilə məhdudlaşmamalıdır.
Şirkətlər avtomatlaşdırılan tapşırıqdan sonra əməkdaşın nə edəcəyini də müəyyənləşdirməlidir. Süni intellekt vaxta qənaət edirsə, həmin vaxtın hamısını yeni tapşırıqlarla doldurmaq əvəzinə, əməkdaşlara düşünmək, öyrənmək və qərar vermək üçün imkan yaradılmalıdır.
Eyni zamanda işçilərə AI tərəfindən hazırlanmış nəticələri yoxlamaq və onları tənqidi qiymətləndirmək bacarığı öyrədilməlidir. Xüsusilə gənc əməkdaşlar üçün bəzi problemləri əvvəlcə müstəqil şəkildə həll etmək imkanı saxlanmalıdır.
Nəticədə süni intellekt dövründə üstünlük yalnız ən çox işi avtomatlaşdıran şirkətlərdə olmayacaq. Əsas üstünlüyü texnologiya tətbiq edildikdən sonra əməkdaşlarının rolunu düzgün şəkildə dəyişdirə bilən şirkətlər əldə edəcək.

