Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir
Bu gün, 00:06

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəyan edən ziddiyyətli proseslər və mövcud geosiyasi reallıqlar fonunda bu, böyük əhəmiyyət daşıyır. Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur.
Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025–2029-cu illər üçün Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Bu qarşılıqlı səfərlər Azərbaycan–Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir. Müsahibədə də qeyd olunduğu kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda Özbəkistan investisiyalı kommersiya təşkilatları qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi də sürətli templə inkişaf edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Şirkət ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir: “Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
Azərbaycan və Özbəkistan üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Bütün bunlar isə dostluq və qardaşlığın göstəricisidir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

