Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır
Bu gün, 00:04

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi ilə yanaşı, bu münasibətlərin iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələrlə möhkəmləndirilməsidir. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”nin, daha sonra isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması əlaqələrin hüquqi və siyasi əsaslarını yeni mərhələyə çıxarıb.
İqtisadi göstəricilər də bu yaxınlaşmanın praktiki nəticələrini nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artması, investisiya əməkdaşlığının genişlənməsi və birgə sənaye layihələrinin həyata keçirilməsi münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir. Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiyaları, avtomobil istehsalı, kənd təsərrüfatı, enerji və turizm layihələri iqtisadi əlaqələrin daha da şaxələndirilməsi üçün ciddi potensial yaradır.
Müsahibənin digər mühüm istiqaməti nəqliyyat və enerji əməkdaşlığıdır. Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin inkişafında Orta Dəhlizin, Xəzər üzərindən daşımaların və yaşıl enerji layihələrinin əhəmiyyəti getdikcə artır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası isə region ölkələrini yeni logistika və ticarət imkanları ilə təmin edə biləcək strateji layihə kimi təqdim olunur.
Mədəni-humanitar sahədə əməkdaşlıq da iki ölkənin münasibətlərinin xüsusi xarakterini ortaya qoyur. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, Füzulidə Mirzə Uluqbəy adına məktəb və Bakıda “Özbəkistan” parkı kimi layihələr dövlətlərarası əlaqələri xalqlar arasında birbaşa münasibətlərlə tamamlayır. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi və mənəvi dəyərlərə söykəndiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar Bakı ilə region arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində artan geosiyasi və iqtisadi çəkisinin mühüm göstəricisidir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur: daha sıx siyasi koordinasiya, artan qarşılıqlı investisiyalar, genişlənən nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi. Qarşıdakı dövlət səfəri də bu prosesin növbəti mərhələsini müəyyənləşdirə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. Əsas nəticə budur ki, Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqelərini bir-biri ilə əlaqələndirərək daha geniş Avrasiya əməkdaşlıq məkanının formalaşmasına töhfə verir.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

