Azərbaycanda ən çox vicdan yüklənən sahələrdən biri, bəlkə də birincisi jurnalistikadır, jurnalistlərdir. - Səxavət Məmməd yazır...
Bu gün, 12:47

Jurnalist vicdanlı olmalıdır, jurnalist obyektiv olmalıdır, jurnalist o olmalıdır, bu olmalıdır. Jurnalist vicdanlı olmalıdır, bəs sən? Cəmiyyətimizin böyük hissəsi jurnalisti yazı-pozu adamından daha çox kamikadze dron kimi görür. Yaz, danış, döyüş, vuruş, ancaq mənim adım olmasın.
Azərbaycan mətbuatını çox tənqid edirik. Mətbuatdan, jurnalistlərin peşəkarlığının aşağı olmasından çoxlu sayda yazırlar, danışırlar. Bunu edən adamların bir çoğunun adının qarşısında elmi dərəcəsi, titulu, medalı, ordeni-zadı da var. Arada kənara çəkilib müşahidə aparmaq lazımdır. Hər şey elə gözəl görünür. Bu (məhz bu) adamların tənqidlərinə baxıram, bir də öz davranışlarına... Deyirəm, ağsaqqalı belə olanın başına külüm olar. Təsəvvür edin, bu adamlar illərdir auditoriyalarda tələbələrin, kurslarda, təlimlərdə gənc jurnalistlərin qarşısında mühazirələr deyib, ağıl öyrədib, yol göstərib, gənclərə vicdan yükləyiblər. Bu tip adamların video-müsahibələrini də izlədim. İlahi, necə rəvan danışırlar, necə özlərini alicənab göstərirlər! Adam az qalır bunlara filosof-zad desin. Bu adamlar ağıl öyrədəndə tələbələrə, gənc jurnalistlərə "obyektiv olmaq lazımdır", "qərəzə yol vermək olmaz", "yazılarınızda mövqeyinizi ortaya qoymayın" deyir(di)lər. Bura qədər hamısı əladır. Fındıq boyda beyni olan filosofların, ağsaqqal jurnalistlərin sosial şəbəkə hesabına girirsən, mənzərə aydın olur. "Obyektiv olmaq lazımdır" deyən ağsaqqallar sosial şəbəkələrdə özlərini jurnalistdən daha çox 15 yaşlı səhifə adminləri kimi aparırlar: "slava ukrayna", "iran dağılsın", "rusiya parçalansın", "iran qalibdir"-zad yazırlar. Sonra da deyirlər ki, cəmiyyətimizi hələ çox maarifləndirməliyik. Yaxşı etirafdır, cəmiyyəti hələ tam poza, hələ tam cındır gününə — yəni öz günlərinə qoya bilməyiblər. Demək, hələ işıq var. Həqiqətən anlamıram: tələbə, gənc jurnalist ağıllı, təmkinli, obyektiv olmalıdır, müəllim, ağsaqqal dəmşalaqlıq etməlidir? Bu adamları ziyalı deyə bu cəmiyyətə soxublar, itələyiblər, dürtüşdürüblər. Bu ziyalılar mətbuatda təhlillərin, analizlərin sayının azlığından gileylənirlər, şikayətlənirlər. Özləri isə şüar səsləndirirlər. Ukraynalı, amerikalı, rusiyalı, iranlı xaric, başqa ölkə vətəndaşlarının adı çəkilən ölkələrin xeyrinə yazdığı heç bir yazını ciddi qəbul etmirəm və başqa mövzularda da bunların dedikləri doğru olsa belə, şübhəli yanaşıram.
Bu ziyalılar ara-sıra tənqidi fikirlər də səsləndirirlər. Ancaq birinin belə fundamental tənqidinə rast gəlməmişəm. Tülküdürlər, cəmiyyətə xoş gələcək tərzdə tənqidlər edirlər. Bu tiplərin sevimli, standart, dara düşən kimi müraciət edəcəkləri mövzuları da var — Cümhuriyyət! Bilirlər ki, hamı sevir, hamı hörmət edir. Fikir verin, burada da tülkülük edirlər. Bir nəfər də Cümhuriyyətin dağılmasının gerçək səbəblərini yazmır ki, ondan dərs çıxaraq, bu günümüzü qoruyaq. Ancaq və ancaq tülkülük! Bəzən bunlar mətbuatın vəziyyətinə görə hökuməti günahlandırırlar. Əgər hökumətin bir günahı varsa, əmin olun, bunların min günahı var. Ola bilsin kimsə sual verəcək ki, niyə ad çəkmirsən? Adları neynirsən, portretlərini çəkirəm, baxırsan da...
Səxavət Məmməd

