“AVROPA BİRİNCİ ADİ, SONRA NÜVƏ SİLAHI İLƏ VURULACAQ” - Karaqanov Kremlin çıxış yolunu göstərdi
2-06-2026, 12:24

Kremlin Ukraynaya qarşı bütün təzyiq və təhdid vasitələrindən, eləcə də hər növ siahlardan istifadə etməsinə baxmayaraq, istədiyi nəticəyə nail ola bilmədiyi göz qabağındadır. Artıq başı bəlalı Ukraynada sınaqdan çıxarılmayan yeganə silah nüvə bombasıdır. İş o yerə çatıb ki, hazırda bu silahın da tətbiqini tələb edənlər çoxalır və onların sırasında Dmitri Medvedev kimi qeyri-ciddi siyasi imic daşıyanlarla yanaşı, daha ciddi qəbul olunan siyasi personalar da var…
Son zamanlar Rusiyanın ən görkəmli politoloqlarından və xarici siyasət mütəxəssislərindən biri sayılan Sergey Karaqanov Ukraynadakı müharibənin gələcəyi, Rusiya ilə NATO arasında münaqişənin perspektivləri və nüvə silahlarının mümkün istifadəsi ilə bağlı bir sıra rezonanslı açıqlamalar verib.
Sergey Karaqanov kimdir?
Sergey Karaqanov rusiyalı politoloq və Rusiya Federasiyasının Xarici və Müdafiə Siyasəti Şurasının fəxri sədridir. Onilliklərlədir o, xarici siyasət üzrə nüfuzlu ekspert sayılır. Karaqanov Rusiyanın nüvə doktrinasının yenidən nəzərdən keçirilməsinin və sərtləşdirilməsinin, bir sözlə, bu silahın tətbiqinin ən qatı tərəfdarı hesab olunur.
Karaqanov rəsmi dövlət vəzifəsi tutmasa da, onun açıqlamaları həm daxili, həm də beynəlxalq müşahidəçilərin diqqətini cəlb edir, çünki o, uzun müddətdir Rusiyada Kremlin hesablaşdığı xarici siyasət və strateji təhlükəsizlik üzrə ən nüfuzlu mütəxəssislərindən sayılır. Həmçinin, onun zaman-zaman Rusiyanın ali rəhbərliyinə məsləhətlər verdiyi bildirilir.
Karaqanov norveçli politoloq, Cənub-Şərqi Norveç Universitetinin professoru və beynəlxalq münasibətlər üzrə tədqiqatçı Qlenn Dizenə verdiyi son müsahibədə Rusiyanın gələcək nüvə planları barədə danışıb.
"Rusiya qalib gəlməlidir"
Karaqanovun sözlərinə görə, Ukrayna ətrafındakı münaqişə çoxdan regional müharibə sərhədlərini aşıb. O, baş verənləri "dünya müharibəsi" adlandırır və onun fikrincə, kollektiv Qərb Rusiyaya qarşı mübarizə aparır. Politoloq iddia edir ki, Rusiya yalnız Ukraynadakı hərbi məqsədlərinə çatmaq üçün deyil, həm də qlobal güc balansını dəyişdirmək üçün qələbə qazanmalıdır. O, Ukraynadakı mövcud münaqişənin eskalasiyaya doğru getməsini qaçılmaz hesab edir.
Karaqanovun əsas açıqlamaları Rusiyanın Avropa ölkələrinə qarşı mümkün hərəkətləri ilə bağlıdır. O, əvvəlcə Rusiyanın Ukraynadan kənara çıxaraq, Avropadakı hədəflərə adi silahlarla zərbələr endirməli olduğunu qeyd edib. Onun dediyinə görə, bu zaman Avropadakı vacib logistik və ya simvolik hədəflər əsas götürülməlidir. Bu, gözlənilən effekti verməsə, Avropa dövlətlərinin Ukrayna və Rusiya siyasətində dəyişiklik yaratmasa, növbəti addım nüvə silahından istifadə olmalıdır.
Karaqanov açıq şəkildə bildirib ki, Rusiya Avropa ölkələrinə ultimatum verdikdən sonda məhdud sayda nüvə zərbələri endirməyə hazır olmalıdır.
O, xüsusilə Ukraynanı dəstəkləyən Avropa siyasi elitalarına diqqət yetirib. Onun sözlərinə görə, ilk növbədə Avropa dövlətlərinin liderləri əsas təzyiq hədəfləri olmalıdır.
"Bəzi Avropa ölkələri məhv olmalıdır"
Karaqanovun ən sərt açıqlamalarından biri qarşıdurma davam edərsə, bəzi Avropa dövlətlərinin məhv edilə biləcəyi barədə iddiası olub. O, Avropanın öz siyasətini dəyişməsə, bəzi ölkələrin fəlakətli nəticələrə məruz qala biləcəyini iddia edib. O hesab edir ki, Avropa dövlətləri Ukraynanı dəstəkləmək və Rusiya ilə qarşıdurma siyasətindən imtina etməlidirlər. Əks halda, münaqişə Rusiya ilə Avropa ölkələri arasında birbaşa qarşıdurmaya çevrilə bilər.
Karaqanov həmçinin Avropa elitalarının münaqişənin gərginləşməsinə görə məsuliyyət daşıdığını və onların cəzalandırılmalı olduğunu vurğulayıb.
“Nüvə müharibəsinin qalibləri ola bilər”
Karaqanov “nüvə müharibəsinin qalibi ola bilməz” formuluna qarşı çıxıb. Onun fikrincə, Soyuq Müharibə dövrünün bu formulu doğru deyil. Politoloq nüvə müharibəsində qaliblərin olmasını mümkün hesab etdiyini deyir. Buna görə də o, Rusiyanın nüvə doktrinasında dəyişikliklər edilməsini və nüvə silahlarının istifadəsi üçün əsasların genişləndirilməsini tələb edir.
Onun fikrincə, Rusiya iqtisadi, texnoloji və demoqrafik potensial baxımından özündən xeyli üstün olan dövlətlər koalisiyası ilə qarşıdurma halında nüvə silahından istifadə etməlidir.
“Kiyev rejimi devrilməlidir”
Ukraynanın gələcəyindən danışan Karaqanov Rusiyanın bütün Ukraynanı ilhaq etməkdə maraqlı olmadığını iddia edib. Bununla yanaşı, Rusiyanın əsas məqsədinin Kiyevdəki mövcud hökumətin aradan qaldırılması olduğunu bildirib. Onun sözlərinə görə, Moskva Ukraynanın cənubu və şərqindəki ərazilər üzərində nəzarəti bərpa etməli, ən əsası isə Ukraynanın hazırkı siyasi rəhbərliyini devirməlidir.
Baltik dənizi və münaqişənin yayılması təhlükəsi
Karaqanov həmçinin Baltik dənizi ətrafındakı vəziyyətə də münasibət bildirib. O, Rusiya gəmiçiliyini məhdudlaşdırmaq və ya dəniz yollarını bağlamaq cəhdlərinin Moskvanın son dərəcə sərt reaksiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, bu cür hərəkətlər Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi eskalasiya yaradacaq.
Müharibə onilliklərlə davam edə bilər…
Müsahibənin sonunda Karaqanov deyib ki, dünya uzun müddət davam edən qeyri-sabitlik dövrünə qədəm qoyub. O, bəşəriyyəti qarşıdan gələn iki onillik ərzində böyük beynəlxalq münaqişələr gözləyə biləcəyini proqnozlaşdırır. Eyni zamanda, mövcud dünya nizamının keçmişdə qaldığını və onun yeni çoxqütblü beynəlxalq münasibətlər sistemi ilə əvəz olunmalı olduğunu deyir.
Göründüyü kimi, Karaqanov bu müsahibəsində Rusiya hakimiyyətinin gələcək addımlarının konturlarını cızıb. Doğrudan da Ukrayna cəbhəsində dalana dirənən Kreml üçün Avropanı “silkələmək” olduqca cazibəli görünür. Çünki bu, maharibədə yeni eskalasiya dalğası, deməli həm də daxili auditoriyanı “oyatmaq” və səfərbər etmək üçün əsas ola bilər. Bu baxımdan bir neçə gün əvvəl Rumıniyaya düşən PUA və NATO-nun, Avropanın buna reaksiyası “nəbz yoxlamaq üçün” əlverişli fürsət sayıla bilər. Hələlik reaksiyalar bu cür hadisələrin adiləşməyə doğru getdiyini göstərir. Rusiyanın bu təzyiqi və təhdidləri daha da artırıb-artırmayacağını, daha ciddi hərbi təxribatlara gedib-getməyəcəyini isə elə də uzaq olmayan gələcəkdə görəcəyik…
azpolitika

