“Leyli və Məcnun”, yoxsa “Koroğlu”?
Bu gün, 07:44

1957-ci ilin dekabrında keçirilən Respublika fəallar yığıncağında Süleyman Rüstəm 30-cu illərdə repressiya olunmuş yazıçı və şairlərin bəraət alması prosesini yüksək qiymətləndirdi: “Ədəbi irsə gəldikdə mən bir neçə kəlmə demək istəyirəm. Vaxtı ilə xalq düşməni adı ilə 30-a qədər yazıçını ədəbiyyatdan uzaqlaşdırmışdılar. Son illərdə bu qara ləkə onların üzərindən götürüldü və onlar bəraət qazandılar. Cavidi inzibati yollarla aradan götürənlərin özlərini də aradan götürdülər”. Süleyman Rüstəm 30-cu illərdə repressiya olunmuş alim və yazıçıların arxivlərinin və əlyazmalarının bərpa olunmasını zəruri hesab edirdi. 50-ci illərin ikinci yarısında bu istiqamətdə bir sıra addımlar atılsa da, həmin əlyazmaları təhlükəsizlik orqanlarından geri almaq böyük çətinliklərlə qarşılaşırdı.
Hələ 1957-ci il aprelin 25-də Elmlər Akademiyasının vitse-prezidenti Əlisöhbət Sumbatzadə bununla bağlı İmam Mustafayevə yazırdı: “Məlum olduğu üzrə 1936–1937-ci illərdə indi bəraət qazanmış görkəmli alim və yazıçıların həbs edilmələri və haqsız olaraq cəzalandırılmaları ilə əlaqədar onların evindən çoxlu qiymətli kitablar, arxiv materialları və əlyazmalar müsadirə edilərək təhlükəsizlik nazirliyinə aparılmışdır. Bu materiallar Azərbaycan tarixi, iqtisadiyyat, fəlsəfə, filologiya, incəsənət və başqa elmlərin inkişafı üçün böyük əhəmiyyətə malik olduğundan, onların yoxlanması, siyahıya alınması üçün Azərbaycan SSR EA-na verilməsinə kömək etmənizi xahiş edirik. Materialları yoxlamaq üçün təşkil ediləcək komissiyaya professor Həmid Araslı, filologiya elmləri namizədləri Məmmədağa Sultanov və Əziz Mirəhmədovun daxil edilməsini məsləhət görürük”.
Bu məsələ ilə məşğul olmaq MK-nın inzibati şöbəsinin müdiri Yusif Qasımova həvalə edildi və o, məktubda qaldırılan məsələlər barədə Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-yə müraciət etdi. Lakin KGB sədrinin müavini Abbas Zamanovun və şöbə rəisinin müavini D.Məmmədovun imzaları ilə 1957-ci il iyun ayının 28-də MK-ya gələn cavabda göstərilirdi ki, Elmlər Akademiyasının məktubunda qeyd edilən əlyazmalar və materiallar Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin arxivində müəyyən edilmədi.
Respublika fəallar yığıncağında Süleyman Rüstəm tərəfindən qaldırılan 30-cu illərdə repressiya olunmuş yazıçı və alimlərə bəraət verilməsi məsələsi Mir Cəlal Paşayev tərəfindən də müdafiə edildi. O, Hüseyn Cavid və Əhməd Cavad kimi bəraət almış böyük şairlərə diqqətlə yanaşmağın zəruri olduğunu bildirdi. Mir Cəlalın fikrincə, Hüseyn Cavid və Mirzə Cəlil ədəbi prosesin müxtəlif qütblərində olsalar da, onları qarşı-qarşıya qoymaq olmaz. O, klassik ədəbiyyatın gücünü həmin ədəbiyyatdan gələn ənənələrin düzgün inkişaf etdirilməsində görürdü. Mir Cəlal Paşayev öz çıxışında Azərbaycan dilində ensiklopediya buraxılmasını zəruri saydı. Bir vaxtlar bu istiqamətdə bəzi addımlar atılsa da, bir sıra mürtəce adamların maneçiliyi nəticəsində bu işin dayandırıldığını o, təəssüf hissi ilə qeyd etdi. Son olaraq o, təklif etdi ki, Azərbaycan dilində heç olmasa müxtəsər ensiklopediya çap etmək lazımdır.
MK katibi Abdulla Bayramov öz çıxışında yazıçı Əbülhəsənin oğlu ilə bağlı xoşagəlməz məsələlərə toxunduğundan Mir Cəlal Paşayev bunun yolverilməz olduğunu bildirdi: “Burada oturan yoldaşların çoxusu atadır. Ata olmaq da pis bir iş deyildir. Övlad böyütmək hər kəs üçün böyük şərəfdir. Bu barədə avropalılardan biz çox şey öyrənməliyik. Bəzən övlad atanı utanmağa məcbur edir. Tolstoyun bir oğlu vilayətlərdən birinə işə getmişdi. O, qubernatorun arvadını götürüb qaçmışdı. Bu iş üçün Tolstoy həm utanırdı, həm də oğlunun üzünə baxa bilmirdi. Bu bir növ faciə idi. Lakin bunu bir də yazıçının üzünə vurmaq bir qədər ağır olur. Məncə, yazıçını ayrılıqda çağırıb demək olardı. Camaatın içərisində utandırmaq lazım deyildi”. Ən nəhayət, Mir Cəlal Paşayev məsələ qaldırdı ki, Azərbaycan ədəbiyyat və sənət adamlarını da xarici ölkələrə yaradıcılıq ezamiyyətinə göndərmək lazımdır.
Düzdür, bu isti¬qamətdə son illərdə müəyyən irəliləyişlər olmuşdu. Məsələn, elə res¬publika fəallar yığıncağından az əvvəl, oktyabr ayının 17-də İmam Mustafayev Sov.İKP MK-ya məktub yazmışdı ki, respublikanın aparıcı bəstəkarlarından olan, əməkdar incəsənət xadimi, Stalin mükafatı laureatı, “Sevil” operasının, bir sıra vokal və simfonik əsərlərin müəllifi Fikrət Əmirov hazırda süjeti ərəblərin həyatı ilə bağlı olan “Şeyx Sənan” operası üzərində işləyir. Öz operasını başa çatdırmaq üçün bəstəkar Fikrət Əmirovun ərəb ölkə¬ləri xalqlarının həyatı, mədəniyyəti və məişəti ilə tanış olması zəruridir. Mustafayev Sov.İKP MK-dan xahiş edirdi ki, Fikrət Əmirovun bir ay müddətinə Suriya və Misirə səfər etməsinə icazə verilsin. Lakin belə hallar təsadüfi xarakter daşısa da, Fikrət Əmirovun ərəb ölkələrinin mədəniyyəti ilə tanışlığı əsasında 1957-ci ildə ərəb mövzuları əsasında Elmira Nəzirova ilə birlikdə fortepiano ilə orkestr üçün konserti yazıldı, Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsinin tamaşasına musiqi bəstələndi və sonralar dünyaya səs salan “Min bir gecə” baleti yarandı.
Respublika fəallar yığıncağında İmam Mustafayev geniş nitq söylədi. O, Nikita Xruşşovun məqaləsində irəli sürülən bir sıra fikirlərin üzərində geniş dayandı və çıxışlarda qaldırılan məsələlərə öz münasibətini bildirdi. Qara Qarayevlə bağlı bəzi tənqidi fikirlər səsləndiyindən İmam Mustafayev dedi: “Mən şəxsən bizim bəstəkarların hamısına olduğu kimi Qarayevə də çox böyük hörmət bəsləyirəm və onun çox istedadlı olduğuna yaxından bələdəm. MK bürolarının birində biz Azərbaycan ədəbiyyat və incəsənət dekadası proqramına baxan zaman mən təklif etdim ki, proqrama “Leyli və Məcnun” operası salınsın. Düzdür, mən nə qədər haqlı olduğumu deyə bilmərəm, lakin Qara Qarayev dedi ki, bu, geriliyə getməkdir”. İmam Mus-tafayev sözünə davam edərək dedi: “Biz əgər bütün millətlərə və xalqlara musiqi mədəniyyətimizi göstərmək istəyiriksə, fikrimizcə bunu “Leyli və Məcnun”dan başlamalıyıq. Dili, ənənəni mühafizə edib saxladığımız kimi, milli musiqini də saxlamaq lazımdır.
Hind kino-filmlərinin musiqisi bütün millətlərin xoşuna gəlir. Çünki milli forması vardır, xəlqilik əsasında yazılmışdır, Amerika cazı üzərində qurulmuş olsaydı, onda bu musiqiyə heç kəs qulaq asmazdı”. İmam Mustafayev son zamanlara qədər Azərbaycan konservatoriyasında Azərbaycan dilində dərs keçilməməsini böyük biabırçılıq adlandırdı və dedi: “Axır vaxtlara qədər Azərbaycan konser¬vatoriyası ilə Moskva konservatoriyası arasında heç bir fərq olmamışdır. Hətta Azərbaycan dilində dərs verən müəllim də olmamışdır. Üzeyir bəydən sonra Azərbaycan musiqi alətləri orkestrlərdən sıxışdırılıb çıxarılır. Mən yoldaşlarla birlikdə “Azad” operasına baxanda Cahangirə dedim ki, bəstəkarlarımız yazdıqları əsərlərdə öz musiqi alətlərini yaddan çıxarırlar, ancaq nümunə üçün bir yerdə göstərirlər. O, orqanik olaraq orkestrin içərisinə daxil olmalıdır. Üzeyir bəy kamançanı daxil etmişdi, indi onu da çıxarıb atıblar”.
İmam Mustafayev kənd yerlərində kitabxanalardan zəif istifadə olunmasının yolverilməz olduğuna toxunaraq dedi ki, kolxozda olan kitabxanalardan bir dənə də olsun kolxozçu kitab götürmür, ancaq “Kirpi” jurnalını alırlar ki, onun da şəklinə baxırlar. Lakin Mirzə İbrahimovdan fərqli olaraq dil və milli mədəniyyətə münasibət məsələsində İmam Mustafayev elə də dərinə getmədi. O, daha çox ümumi məsələlər üzərində dayandı və tez-tez fikirlərini Nikita Xruşşovun məqaləsinə istinad edərək əsaslandırmağa çalışdı. Əsasən, aparıcı ziyalılardan ibarət olan respublika fəallar yığıncağında Mirzə İbrahimovun çıxışının tez-tez alqışlarla qarşılanması və ayrı-ayrı ədəbiyyat və sənət adamlarının çıxışlarında onun tərəfindən deyilmiş ideyaların müdafiə olunması respublika partiya rəhbərliyinin narahatlığını artırmışdı.
Respublika fəallar yığıncağından az sonra bu çıxışın mət¬ni rus dilinə tərcümə edilib Sov.İKP MK-ya göndərildi. Bu iclasla bağlı Sov.İKP MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsi müdirinin müavini İvan Şikin MK-nın Rəyasət Heyətinə hazırladığı arayışda göstərirdi ki, ötən il mədəniyyət məsələləri ilə bağlı geniş respublika müşavirəsi keçirilmişdir. Bu müşavirədə musiqi məsələləri ilə bağlı mə¬ruzə ilə hamının yaxşı tanıdığı məşhur bəstəkar, SSRİ xalq artisti Qara Qarayev çıxış etmişdir. O, bu müşavirədə rus dilində məruzə etdiyinə, məhz ancaq rus dilində çıxış etdiyinə görə ciddi qınaqlara məruz qalmışdır. İosif Şikin bu sözləri arayışın Mirzə İbrahimovun əleyhinə yazılan hissəsinə daxil etmişdi.
1957-ci ilin oktyabr ayında Nazim Hikmətlə universitetdə keçirilən görüşdən ay yarım sonra Mirzə İbrahimovun dekabr ayının 4-də respublika fəallar yığıncağındakı bu çıxışı onun siyasi taleyinin həll edilməsində Moskvanı hövsələdən çıxaran və onun haqqında qərar qəbul edilməsini şərtləndirən sonuncu hadisə oldu. İlk addım olaraq onu, sovetlərdə Stalinin ölümündən sonra başlamış mühafizəkar xarakterli islahatların başa çatdığı 1957-ci ilin sonlarında “öz xahişi” ilə ədəbiyyat və incəsənət sahəsində SSRİ Lenin mükafatları komitəsinin üzvlüyündən azad etdilər.
P.S. Türk şairi Nazim Hikmətlə Azərbaycan Dövlət Universitetində keçirilən göreşdən çəkilən bu fotoda ön sırada oturanlar: Universitetin rektoru Yusif Məmmədəliyev, Süleyman Rüstəm və Nazim Hikmət. Ayaq üstə soldan: Vəli Məmmədov, Teyyub Qurban, ortada 8-ci Elmira Qafarova, Yusif Şirvan və Bolqarıstandan ADU-da oxuyan türk tələbələr.
Cemil Hasanli
TEREF

