"Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"

9-06-2026, 09:44           
"Rusiya üzərində qələbə üçün üç şərt".
"Avropa Moskva ilə danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməli və "güc vasitəsilə sülh" strategiyasını həyata keçirməlidir..."

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin olunması barədə müzakirələr hələ tezdir. Onun fikrincə, əsas məsələ danışıqlar aparacaq şəxsin kimliyi deyil, Avropanın hansı mövqedən danışacağıdır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.

"Rusiya yalnız gücə hörmət edir"

Rasmussen bildirir ki, Vladimir Putin və Dmitri Medvedevlə görüş təcrübəsi ona bir nəticə çıxarmağa imkan verib: Moskva yalnız gücə hörmət edir. Buna görə də Avropa əvvəlcə Ukraynanın mövqeyini gücləndirməli, yalnız bundan sonra diplomatik proses barədə düşünməlidir.

Onun sözlərinə görə, ABŞ-ın əvvəlki rolunu artıq Avropa öz üzərinə götürməyə məcburdur. Rasmussen Almaniyanın bu istiqamətdə liderlik nümayiş etdirdiyini vurğulasa da, görülən işlərin kifayət etmədiyini düşünür.

İki əsas addım

NATO-nun keçmiş baş katibinin fikrincə, ilk növbədə Rusiyanın hərbi iqtisadiyyatına daha güclü zərbə vurulmalıdır. Bunun üçün Ukraynaya texnoloji və sənaye dəstəyi artırılmalı, Rusiyanın raket proqramına xidmət edən təchizat kanallarına qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.

Rasmussen ikinci vacib addım kimi Ukraynanın enerji infrastrukturunun sürətlə bərpasını göstərir. Onun sözlərinə görə, Avropa İttifaqında istifadədən çıxarılmış, lakin işlək vəziyyətdə olan enerji avadanlıqları Ukraynaya ötürülə bilər ki, bu da ölkənin qış aylarında dayanıqlığını artırar.

Ukraynanın Avropa gələcəyi

Rasmussen üçüncü şərt kimi Ukraynanın gələcəyinin açıq şəkildə Avropa İttifaqı ilə bağlanmasını göstərir. Onun fikrincə, bu, Putinə Ukraynanı öz təsir dairəsinə qaytarmaq cəhdlərinin nəticəsiz olduğunu nümayiş etdirəcək.

Müəllif hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ən güclü təhlükəsizlik təminatıdır. Rasmussenin qənaətincə, Avropa bu üç şərti yerinə yetirərsə, Moskva ilə danışıqlar aparacaq nümayəndənin kim olması artıq ikinci dərəcəli məsələyə çevriləcək və sülh danışıqları daha güclü mövqedən aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru