Kənd müəllimlərinə qarşı biganə münasibət
23-10-2025, 07:54

Çox təəssüflər olsun ki, kənd məktəblərində çalışan müəllimlərə həm valideynlər, həm də təhsil idarələrində çalışan bürokratlar çox zaman yuxarıdan aşağı baxırlar. Halbuki, bu müəllimlərin bir çoxu savadı, fədakarlığı və işinə olan məsuliyyəti ilə həm şəhərdə çalışan həmkarlarından, həm də təhsil sistemindəki digər işçilərdən heç də geri qalmır — əksinə, onlardan daha üstün ola bilərlər.
Rayon təhsil idarəsinə hər hansı bir problemlə bağlı müraciət etdikdə, bəzən idarə rəhbərlərinin özlərini “xan” kimi apararaq müəllimləri qəbul etməməsi də ayrı bir dərddi...
Elə davranırlar ki, bu vəzifə onlara sanki “ata mülkü” kimi miras qalıb, ya da dədə evindən cehiz gətiriblər sanki.
İkinci bir problem isə cəmiyyətdə formalaşmış yanlış inancdır — guya “kənd məktəblərində çalışan müəllimlər savadsız olur”. Özüm Xaçmaz rayonunun bir kəndində kirayədə qalıram və işə gedib-gələrkən çox vaxt elə uşaqlarla rastlaşıram ki, kəndlərində savadlı müəllimlər və yaxşı şəraitli məktəblər olmasına baxmayaraq, valideynləri onları şəhər məktəblərinə aparır. Səbəb də çox sadədir: “Kənd müəllimləri uşaqlarımıza keyfiyyətli təhsil verə biləcək gücdə deyillər”.
Sanki bu uşaqlar şəhərdə 30-35 nəfərlik siniflərdə oxuyub, hazırlığına gəlməyən şagirdlərə “əsir” kimi davranan müəllimlərin əlində Eynşteynə çevriləcəklər…
Üçüncü və ən ağrılı məsələ isə kənd müəllimlərinə göstərilən dəstəyin azlığıdır. 84 balla Xaçmazın kəndlərindən birinə könüllü şəkildə təyinat almışam. Halbuki, mənə şəhər məktəbində işləmək imkanı da verilmişdi, amma kəndi özüm seçdim. Hazırda 445 manat maaş alıram. Bunun da səbəbi “H1” və “H2” meyarlarının yalnız daimi əsasda çalışan müəllimlərə şamil edilməsidir. Müqavilə ilə çalışan müəllimlər bu imtiyazlardan yararlana bilmədiyi üçün kəndlərdə işləmək daha da çətinləşir.
Az saatlı məktəblərdə isə heç kim daimi işləmək istəmir.
İnanın kəndlərdə çalışan müəllimlərə yetərli dəstək göstərilsə təhsildə daha çox inkişafa nail ola bilərik.
Çünki,kənd uşaqlarının hamısının əlində telefon olmur. Bu da uşaqı kənar mənfi təsirlərdən qoruyur. Nəticədə müəllim qarşısında oturan uşaq bəyaz vərəq kimi tərtəmiz olur.
Nətucədə Mikhelancelonun “David” heykəli barəsindəki fikirini “mən o heykəli yoxdan yaratmadım,sadəcə qayanın içində gizlənmiş bir əsəri ortaya çıxartdım” müəllimlər şagirdləri üzərində reallaşdıra bilərlər…
Orxan Qəhrəmanov
TEREF

