Kartın balansında sıfır manat olsa belə, tələbə...— AÇIQLAMA

Bu gün, 08:34           
Kartın balansında sıfır manat olsa belə, tələbə...— AÇIQLAMA
““TələbəPlus” kartı tələbələr üçün nəzərdə tutulmuş çoxfunksiyalı kartdır. Bu kart yaradılarkən onun bir neçə funksiyanı özündə birləşdirdiyi xüsusi vurğulanmışdır”.

Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, tələbələrin bu kart vasitəsilə universitetə giriş-çıxış, tələbə bileti kimi istifadə, depozit yerləşdirmə və müxtəlif güzəştlərdən yararlanmaq imkanları nəzərdə tutulur:

“Kart vasitəsilə tələbələr mağazalarda, restoranlarda, geyim butiklərində və digər tərəfdaş müəssisələrdə müəyyən endirimlərdən istifadə edə bilirlər. Bu tərəfdaşlara həmçinin turizm və mədəniyyət obyektləri – muzeylər, qalereyalar, sərgi salonları da daxildir. Layihə çərçivəsində 300-dən çox yerli və xarici tərəfdaşla əməkdaşlıq yaradılıb ki, tələbələr onların xidmətlərindən güzəştli şəkildə faydalana bilsinlər. İctimai nəqliyyata gəldikdə isə, hələlik bu sahədə tələbələr üçün güzəştlər tətbiq olunmur. Bu məsələ ilə bağlı Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilsə də, rəsmi təsdiq hələ verilməyib. Yaxın gələcəkdə bu istiqamətdə müsbət qərarın qəbul olunacağı ehtimal edilir. Tələbələr üçün ən vacib güzəşt məhz ictimai nəqliyyatda endirim olardı”.

Ekspert əlavə edib ki, çünki restoran, muzey və ya qalereyalarda təqdim edilən endirimlərdən tələbələrin çoxu praktiki olaraq istifadə etmir:

“Bəzi restoranlarda tətbiq olunan endirimlər belə, ümumi qiymətlərin yüksəkliyi səbəbindən tələbələr üçün əlçatan deyil. Hazırda layihə pilot mərhələsindədir və İqtisad Universitetinin tələbələri üçün tətbiq olunur. Kartın balansında sıfır manat olsa belə, tələbə iki metro gedişindən istifadə edə bilir. Daha sonra, tələbənin hesabına vəsait köçürüldükdə həmin məbləğ avtomatik şəkildə balansdan çıxılır. Bu xidmət pulsuz deyil, sadəcə kartın çoxfunksiyalılığı sayəsində belə imkan yaradılıb. Növbəti mərhələlərdə layihənin digər universitetlərdə də tətbiqi planlaşdırılır. Hazırda Bakıda bəzi özəl universitetlərdə TələbəPlus kartlarının paylanması hələ həyata keçirilməyib. Yaxın zamanda bu sistem bütün tələbələr üçün daha əlçatan və faydalı olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]