Mona Mahmudnicat – bəhai dininə aid olduğuna görə İranda 1983-cü ildə edam olunan 10 qadından biri və ən gənci.

9-12-2025, 08:04           
Mona Mahmudnicat – bəhai dininə aid olduğuna görə İranda 1983-cü ildə edam olunan 10 qadından biri və ən gənci.
Onun 18 yaşı hələ olmamışdı.
Mona 1965-ci sentyabrın 10-da Yəmənin Ədən şəhərində anadan olub. O zaman Cənubi Yəmən hələ Britaniya protektoratlığı altında idi. Monanın iranlı olan valideynləri bəhai dinini təbliğ etmək üçün buraya köçmüşdülər.
Britaniyalıların 1967-ci ildə çıxmasından sonra Cənubi Yəməndə hakimiyyətə kommunistlər (hər halda özləri belə deyirdi) gəldilər. Onlar 1969-cu ildə bütün xarici vətəndaşları ölkədən qovdular. Mona və valideynləri də İrana qayıtdılar, bir müddət İsfahanda, Kirmanşahda və Təbrizdə yaşayandan sonra 1974-cü ildə Şirazda məskunlaşdılar.
Şahlıq dövründə İran bəhailərinin vəziyyəti nisbətən dözülən idisə, İslam inqilabından sonra vəziyyət dəyişir. Yeni hakimiyyət onlara İslamdan çıxmış kafirlər kimi baxır. Əgər xristianlar, yəhudilər və hətta atəşpərəstlər dini azlıq kimi müəyyən hüquqlara malik idilərsə, bəhailərin heç bir hüququ yox idi.
Bəhai dininə məxsus uşaqlar hətta məktəblərdən qovulurlar. Mona və Şirazda yaşayan bir neçə qadın uşaqların təhsildən geri qalmaması üçün onlara evdə dərs deməyə başlayırlar. Bu da onların “uşaqları pis yola çəkmək” ittihamı ilə 1982-ci ilin oktyabrında həbs edilmələrinə səbəb olur. Üstəlik, bəhailərin ali dini və inzibati orqanı olan Dünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi qadınlara qarşı sionizm casusu ittihamının irəli sürülməsinə səbəb olur. Halbuki Ədalət Evi Hayfada hələ XIX əsrin sonlarında, şəhər Osmanlı dövlətinin tərkibində olanda yerləşmişdi.
Aylarla sürən həbs müddətində qadınlara dəfələrlə dinlərindən dönmək təklif olunur. Bu təklifi daha da “əsaslandırmaq” üçün onlara şallaq vurulur. Amma xeyri olmur, dinlərindən dönmürlər. Belə olduqda, Mona Mahmudnicat və daha 9 qadın edama məhkum edilirlər.
Dünya ictimaiyyətinin etirazları, müraciətləri nəticəsiz qalır. 10 qadın 1983-cü il iyunun 18-də asılaraq edam edilirlər.
Digər qadınların adları:
Nüsrət Yaldayi (54 yaş),
İzzət Cənəmi İşraqi (50),
Röya İşraqi (İzzətin qızı, 23),
Tahirə Siyavuşi (32),
Zərrin Muqimi (28),
Şirin Dəlvand (25),
Əxtar Sabit (19),
Simin Saberi (20),
Məhşid Nirumənd (28)
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
Tarixçi teleqram kanalı
https://t.me/yadigarsadigli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]