Pensiyalar hansı tarixdə verilməldir? – Deputat aydınlıq gətirdi
Bu gün, 08:59

Pensiya ödənişləri hər ay minlərlə vətəndaşın diqqət mərkəzində olur. Ayın əvvəlində isə ən çox verilən suallardan biri pensiyaların hansı tarixdə köçürüləcəyi ilə bağlıdır. Vaxtaşırı mediada bu mövzuda müxtəlif xəbərlər yayımlanır və ödəniş tarixlərinin hansı səbəbdən sabit olmadığı maraq doğurur.
Bəs pensiyaların verilmə tarixi niyə hər ay dəyişir? Buna hansı amillər təsir edir və bu proses necə tənzimlənməlidir?
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, əmək pensiyalarının paytaxtda, digər şəhərlərdə və rayonlarda eyni vaxtda, yaxud ən gec iki günlük fərqlə ödənilməsi ilə bağlı təkliflər aidiyyəti üzrə təqdim edilib:
“Hesab edirik ki, ölkə üzrə pensiyaların eyni vaxtda və ya maksimum iki gün fərqlə ödənilməsi daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, Azərbaycanda pensiya ödənişləri sistemi artıq demək olar ki, tam elektronlaşdırılıb, bu, vəsaitlərin daha qısa müddətdə bütün pensiyaçıların hesablarına köçürülməsinə imkan yaradır. Bu baxımdan, pensiyaların eyni vaxtda və ya bir-birinə yaxın tarixlərdə ödənilməsi tam real görünür”.
Deputat hesab edir ki, pensiyaların ödənilməsi mexanizminə yenidən baxılmalı, paytaxtla rayonlar arasında ödəniş tarixləri üzrə mövcud fərq mümkün qədər minimuma endirilməlidir:
“Çünki bir çox vətəndaşın kredit öhdəlikləri, kommunal ödənişləri və digər maliyyə xərcləri ayın ilk yarısına təsadüf edir. Bu səbəbdən rayonlarda yaşayan pensiyaçıların da paytaxtda olduğu kimi pensiyalarını daha erkən alması və ödəniş tarixləri arasındakı fərqin minimuma endirilməsi onların maliyyə planlaması baxımından daha əlverişli olardı. Əlbəttə, müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Lakin əksər ölkələrdə pensiyaların şəhər və rayonlar üzrə ödənilməsi tarixləri arasında ciddi zaman fərqi olmur”.

