Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 15:46

Son illər gənclərin əsas seçimlərindən birinə çevrilən peşə təhsili sistemində narazılıqlar artmaqdadır. Tələbələr iddia edirlər ki, sistemdə mövcud olan ciddi problemlər və boşluqlar aradan qaldırılmaq əvəzinə, gündəmə gətirən müəllim və tələbələrin tələbləri müxtəlif yollarla susdurulur.
Bizimesr.com bildirir ki, ölkənin peşə təhsil mərkəzlərində 3 illik təhsil proqramı həyata keçirilir. Bu proqramı bitirən tələbələrin əsas məqsədi subbakalavr statusu əldə edərək ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdir. Lakin tələbələrin sözlərinə görə, məhz bu mərhələdə onların qarşısında ciddi maneələr yaradılır.
Bizimesr.com-a daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən göstərişlər səbəbindən Mərkəzlərdə tələbələrə yüksək yekun qiymətlərin yazılmasına süni şəkildə məhdudiyyət qoyulur. Nəticədə, üç il ərzində yüksək nəticə göstərən tələbələrə yekunda aşağı bal verilir və bu da onların subbakalavr kimi ali məktəblərə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.
Məlumatda bildirilir ki, hazırda ölkənin onlarla peşə məktəbində üçillik təhsilini başa vuran tələbələr bu vəziyyətlə üzləşib. Yekun nəticələrdən narazı qalan tələbələr etiraz edərək qiymətləndirmənin obyektiv aparılmadığını bildirirlər.
Narazılıq doğuran məsələlərdən biri də qiymətləndirmə prosesinin şəffaf olmamasıdır. Tələbələrin sözlərinə görə, il ərzində aldıqları qiymətlər elektron sistemdə əlçatan olmur, yalnız ümumi şəkildə elan edilir və ya adi kağızlarda təqdim olunur.
Bu səbəbdən tələbələr semestr və modul nəticələrini tam izləyə bilmirlər. Onlar bildirirlər ki, hər modul üzrə keçirilən imtahanların qiymət cədvəllərini tələb etdikdə, təhsil müəssisələri "Agentlik buna icazə vermir" cavabını verir. Həmçinin yekun bal da tələbələrdən gizli saxlanılır və yalnız sistemə yerləşdirildikdən sonra məlum olur.
Tələbələrin iddiasına görə, illərlə yüksək qiymətlərlə oxusalar da, yekunda onlara əsasən 80-85 bal yazılır. Bu isə onların ali təhsil almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan əlavə, tələbələr daha bir problemə də diqqət çəkirlər.
Onların sözlərinə görə, istehsalat təcrübəsi proqramları zamanı da qiymətləndirmə ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl olunmur. Tələbələr bildirirlər ki, məktəbin tələbi ilə təcrübə proqramının sonunda müəssisəinin onlara verdiyi xasiyyətnamədə qiymət yeri boş saxlanılır. Müəssisəyə qiymət yazmağa içazəı verilmir. Bu da Mərkəzdə rəhbərliyin tələbəyə istədiyi qiymətləri yazmaq şansı yaradır ki, burda bəzən başqa neqativ hallara səbəb ola bilir.
Bütün bunların fonunda hazırda balları aşağı yazılan tələbələr hara müraciət edəcəklərini bilmirlər. Məlumata görə, Mərkəzlərdə elə bir sistüm qurulub ki, onlara kimsə "dur" deyə bilmir.
Agentliyin yeni rəhbərliyi dövründə peşə təhsili sistemində islahatların sürətlənəcəyi ilə bağlı gözləntilər formalaşsa da, tələbələrin iddialarına görə, qiymətləndirmə və şəffaflıqla bağlı problemlər hələ də öz həllini tapmayıb. Onlar hesab edirlər ki, mövcud vəziyyət əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişməyib.

