Kartdan-karta ödəniş alan sahibkarlar bu üsulla aldadılır

Bu gün, 17:24           
Kartdan-karta ödəniş alan sahibkarlar bu üsulla aldadılır
Son vaxtlar onlayn satışla məşğul olan şəxsləri hədəf alan yeni dələduzluq halları müşahidə olunur. Bildirilir ki, fırıldaqçılar müxtəlif üsullarla satıcıları aldadaraq onlardan pul əldə etməyə çalışırlar.

Bəs bu dələduzluq sxemi necə işləyir və belə hallardan qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a bildirib ki, bu dələduzluq çeklərin və ya ödəniş qəbzlərinin saxtalaşdırılmasından ibarətdir:

"Daha çox sahibkarlar, xüsusilə də onlayn satışla məşğul olan şəxslər bu dələduzluğun hədəfinə çevrilirlər. Belə ki, dələduzlar onlayn satış səhifələrinə müraciət edərək hər hansı məhsulu almaq istədiklərini bildirirlər. Daha sonra məhsulun saxlanılması və ya ünvana göndərilməsi üçün beh ödəmək istədiklərini deyir, lazım olan məbləği və kart nömrəsini əldə etdikdən sonra həmin məlumatlar əsasında saxta çek hazırlayaraq qarşı tərəfə göndərirlər.

Bir müddət sonra isə sahibkara yazaraq həmin məhsula artıq ehtiyaclarının olmadığını, kritik vəziyyətdə olduqlarını, guya xəstəxanada və ya hansısa mağazada növbədə gözlədiklərini və təcili şəkildə bir qədər əvvəl göndərdikləri pula ehtiyac yarandığını bildirirlər. Qarşı tərəfin məsələyə həssas yanaşacağından istifadə edərək həmin məbləğin geri qaytarılmasını xahiş edirlər. Əslində isə həmin ödəniş ümumiyyətlə icra olunmayıb və satıcının kart hesabına heç bir vəsait köçürülməyib. Lakin saxta çeki həqiqi hesab edən satıcı, dələduzun onu tələsdirməsinin təsiri altında kart hesabını yoxlamadan göstərilən məbləği dələduzun təqdim etdiyi karta köçürür".

E.Mahmudov qeyd edib ki, bu tip dələduzluq hallarından qorunmaq üçün təqdim olunan çeklərə etibar etməmək, ilk növbədə kart hesabı üzrə əməliyyatları yoxlamaq və vəsaitin həqiqətən də hesaba daxil olduğuna əmin olmaq tövsiyə edilir:

"Bu məqamda demək olar ki, hər kəsin bildiyi bir məsələni də xüsusi vurğulamaq istərdim. Göstərilən xidmətlərin və satılan malların ödənişinin kartdan-karta köçürmə yolu ilə həyata keçirilməsi qanunla qadağandır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru