Türkiyədə 42, Rusiyada 41, Azərbaycanda 35 dollar… – Digər ölkələrdə neçəyədir?

Bu gün, 11:24           
Türkiyədə 42, Rusiyada 41, Azərbaycanda 35 dollar… – Digər ölkələrdə neçəyədir?
Beynəlxalq yaşayış xərcləri bazası olan “Numbeo” portalının araşdırmasına əsasən, orta səviyyəli restoranda iki nəfər üçün üç çeşid yeməkdən ibarət (içkisiz) şam yeməyinin orta qiyməti Azərbaycanda 35,29 ABŞ dolları təşkil edir. Bu göstərici ilə Azərbaycan 99 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Azərbaycanda iki nəfərin orta səviyyəli restoranda şam yeməyi təxminən 60 manata başa gəlir.

“Numbeo”nun siyahısına İsveçrə başçılıq edir. Bu ölkədə orta səviyyəli restoranda iki nəfərlik şam yeməyinin qiyməti 123,83 dollar (təxminən 210,5 manat) təşkil edir. İlk beşlikdə Danimarka (107 dollar – 181,9 manat), İsrail (104,43 dollar – 177,5 manat), Lüksemburq (102,83 dollar – 174,8 manat) və Norveç (100,83 dollar (171,4 manat) yer alır.

Avropanın inkişaf etmiş ölkələrində də restoran qiymətləri Azərbaycandan xeyli yüksəkdir. Böyük Britaniyada iki nəfərlik şam yeməyi orta hesabla 86,18 dollar (146,5 manat), İtaliyada 79,98 dollar (136 manat), Almaniyada 77,69 dollar (132,1 manat), Fransada 68,55 dollar (116,5 manat) və İspaniyada 57,13 dollar (97,1 manat) təşkil edir. ABŞ-da isə bu göstərici 77 dollar və ya təxminən 131 manatdır.

Cənubi Qafqaz və yaxın region ölkələri ilə müqayisədə Azərbaycanda restoran qiymətləri orta-yüksək səviyyədədir.

Ölkə Qiymət (ABŞ dolları) (Manat)
Ermənistan 46,26 78,6 manat
Türkiyə 42,88 72,9 manat
Rusiya 41,56 70,7 manat
Belarus 41,45 70,5 manat
Qazaxıstan 36,22 61,6 manat
Gürcüstan 35,98 61,2 manat
Azərbaycan 35,29 60 manat
Ukrayna 31,25 53,1 manat
Özbəkistan 29,09 49,5 manat
İran 15,00 25,5 manat
Məlumatlardan görünür ki, Azərbaycanda iki nəfərlik restoran hesabı Gürcüstandan cəmi 0,69 dollar (təxminən 1,2 manat) ucuzdur. Qazaxıstanla fərq 0,93 dollar (təxminən 1,6 manat) təşkil edir. Bununla yanaşı, Azərbaycanda restoran qiymətləri Ukraynadan təxminən 7 manat, Özbəkistandan 10,5 manat, İrandan isə 34,5 manat bahadır.

Digər tərəfdən, Türkiyədə eyni xidmət üçün orta hesabla 72,9 manat, Rusiyada 70,7 manat, Ermənistanda isə 78,6 manat ödənilir. Bu isə o deməkdir ki, həmin ölkələrdə restoran qiymətləri Azərbaycandan 11-19 manat daha yüksəkdir.

Siyahının son pillələrində əsasən Asiya ölkələri qərarlaşıb. İndoneziyada iki nəfərlik şam yeməyinin qiyməti 11,13 dollar (təxminən 18,9 manat), Hindistanda 11,60 dollar (19,7 manat), Banqladeşdə 12,19 dollar (20,7 manat), Nepalda 13,25 dollar (22,5 manat), Pakistanda isə 14,41 dollar (24,5 manat) təşkil edir.

“Numbeo”nun araşdırması göstərir ki, Azərbaycan restoran qiymətlərinə görə dünyanın ən bahalı ölkələri sırasında olmasa da, region ölkələrinin böyük hissəsi ilə müqayisədə orta və nisbətən yüksək qiymət qrupunda yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru